Paşinyan: Ən geci bir aya TRIPP layihəsi ilə bağlı saziş imzalanacaq
RIPP layihəsi çərçivəsində Mehri dəmir yolunun yenidən işə salınması, eləcə də Ermənistan boyu yeni nəqliyyat və infrastruktur əlaqələrinin yaradılması planlaşdırılır.
Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüş zamanı ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfərindən danışarkən bildirib.
O, mayın 26-da İrəvanda TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişinin paraflandığını xatırladıb.
“ABŞ Dövlət katibi Marko Rubio Ermənistana gəlib və xarici işlər naziri ilə birlikdə TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişini paraflayıb. Bu, ən geci bir aydan sonra yekunlaşdırılacaq (imzalanacaq – red)”, – Paşinyan deyib.
Onun sözlərinə görə, layihənin ən bariz komponentlərindən biri Mehri dəmir yolunun yenidən işə salınmasıdır:
“Mehri dəmir yolu yenidən açılacaq və ondan həm Azərbaycan Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirmək üçün, həm də Ermənistan ölkənin şimal və cənub hissələri arasında dəmir yolu əlaqəsi yaratmaq üçün istifadə edəcək. Bu gün cənubdan şimala dəmir yolumuz yoxdur”.





