Koçaryanın yalanı: 44 günlük savaşda “əlaqələrimi”işə salmağa çalışdım
Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan 44 günlük müharibə zamanı “vəziyyəti həll etmək üçün əlaqələrindən istifadə etməyə çalışdığını” iddia edib.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə seçki təbliğatı çərçivəsində seçicilərlə görüşündə deyib.
Köçəryanın sözlərinə görə, hərbi əməliyyatların başlamasından 3-4 gün sonra artıq ona aydın olub ki, Qarabağda baş verənlər “yaxşı bitməyəcək”:
“O vaxt ölkəni tərk etməyim qadağan olunmuşdu, amma hakim getməyə icazə verdi. Daha sonra koronavirus testi verdim və tamamilə sağlam olmağıma baxmayaraq, testim müsbət çıxdı. Dörd-beş ekspress test aldıq: hamısı mənfi çıxdı. Hətta burada belə, məni müharibəni dayandırmaq imkanından məhrum etmək üçün əllərindən gələni etdilər”.
Qeyd edək ki, Robert Köçəryan yalan danışır və seçicilərinin yaddaşsızlığına stavka edir. O, müharibənin 3-cü günü, 29 sentyabrda Xankəndiyə gəlmiş və burada bir neçə gün qalmışdı.
Onun Moskvaya getməsi və dostu saydığı Rusiya lideri Vladimir Putinlə görüşüb, yardım istəməsi ideyasını Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xeyli sonra irəli sürmüşdü. Bundan sonra məhkəmə Köçəryanın ölkədən çıxışına qoyulan qadağanı qaldırmışdı. Köçəryana Moskvaya təcili getməsi üçün xüsusi təyyarə də ayrılmışdı. Lakin 30 oktyabr 2020-ci ildə Köçəryan “qəfildən” koronavirusa yoluxdu və Moskvaya səfəri təxirə salındı. “Xəstələnmə” məlumatını isə Köçəryanın öz ofisi yaydı. Hələ o zaman Köçəryanın koronovirus testinin “müsbət” çıxmasının səbəbi kimi “əlaqələrindən istifadə cəhdlərinin uğursuz olması” barədə məlumat yayıldı.





