Zelenski: İrandakı müharibə Ukraynaya diqqəti azaldır
İrandakı müharibə beynəlxalq ictimaiyyətin diqqətini Rusiyanın Ukraynaya qarşı təcavüzündən yayındırır və bu, böyük çətinliklər yaradır.
Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ ilə danışıqlar davam edir, lakin İran məsələsi həll olunana qədər yeni bir görüşün mümkünlüyünü görmür.
Zelenski qeyd edib ki, eyni Amerika danışıqlar qrupunun həm İran münaqişəsi, həm də Ukrayna müharibəsi ilə bağlı müzakirələrdə iştirak etməsi əlavə bir çətinlik yaradır.
O həmçinin ABŞ-nin İran ətrafındakı vəziyyətə diqqətini başa düşdüyünü vurğulayıb: “Lakin Ukrayna böyük bir faciənin ortasındadır. Bu da paralel həll yolları tələb edir. Müharibə Ukraynaya silah tədarükünə, xüsusən də raketdən müdafiə sistemlərinə də təsir göstərir. ABŞ-də məhdud istehsal gücü səbəbindən bu sistemlərin çatışmazlığı hiss olunur”.
Zelenski Ukraynanın maliyyələşdirilməsinin vacibliyinə də toxunub: “Aİ Macarıstanın mövqeyinə görə uzun müddət təxirə salınan 90 milyard avroluq krediti təsdiqlədi. Bu vəsait olmadan Ukrayna raket əleyhinə dronlar da daxil olmaqla kifayət qədər silah istehsal edə bilməz”





