Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
1 / 7
Qazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Qazax Dövlət Dram Teatrının binasında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan “Şeir kimi ömür” adlı ədəbi-bədii gecə keçirilib
Qerbxeber.com xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, Qazax Dövlət Dram Teatrının müdiri Allahverdi Musayev, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, Xalq şairi Səməd Vurğunun nəslindən olan, tarix müəllimi, təqaüdçü Məhəmməd Vəkilov, Qazax xeyriyyə cəmiyyətinin üzvləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax və Ağstafa rayon komitələrinin sədrləri, rayon ziyalıları, təhsil işçiləri, tələbələr iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, ümummilli lider Heydər Əliyevin, habelə xalq şairi Səməd Vurğunun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər bildiriblər ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi milli poeziyanın inkişafında müstəsna rol oynamışdır. Onun zəngin və çoxşaxəli yaradıcılığı xalqın mənəvi dünyasını, vətənə bağlılığını və yüksək insani dəyərləri dolğun şəkildə əks etdirir. Qeyd olunmuşdur ki, şairin əsərlərində vətənpərvərlik, humanizm və milli kimlik əsas mövzulardan biri olmuş, o, öz yaradıcılığı ilə gənc nəslin vətənə sevgi ruhunda tərbiyəsində mühüm rol oynamışdır.
Natiqlər vurğulamışlar ki, Səməd Vurğunun həyat yolu da onun yaradıcılığı kimi zəngin və örnəkdir. Onun keçdiyi həyat yolu, ədəbiyyata olan sonsuz sevgisi və xalqına xidmət amalı bu gün də hər kəs üçün nümunə hesab olunur. Çıxışlarda şairin müxtəlif dövrlərdə qələmə aldığı əsərlər, poeziyasının bədii xüsusiyyətləri və Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər haqqında ətraflı məlumat verilmişdir.
Daha sonra tədbir bədii hissə ilə davam edərək iştirakçılara zəngin və rəngarəng proqram təqdim olunmuşdur. Tələbələrin ifasında Səməd Vurğunun müxtəlif mövzuları əhatə edən şeirləri böyük məharətlə səsləndirilmiş, hər bir çıxış tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Xüsusilə şairin məşhur Vaqif dramından hazırlanmış səhnəcik tədbirə rəng qatmış, obrazların təqdimatı izləyicilərdə dərin təəssürat yaratmışdır.
Həmçinin, şairin sözlərinə bəstələnmiş musiqi nömrələri ifa olunmuş, bu əsərlər poeziya ilə musiqinin vəhdətini nümayiş etdirərək tədbirin emosional təsir gücünü daha da artırmışdır. Ədəbi-bədii kompozisiyalar vasitəsilə Səməd Vurğunun yaradıcılığının müxtəlif çalarları səhnədə canlandırılmış, onun ideya və fikirləri bir daha tamaşaçılara çatdırılmışdır.
Bədii hissə iştirakçılarda yüksək əhval-ruhiyyə yaratmış və şairin zəngin ədəbi irsinə olan marağı daha da gücləndirmişdir.





