Regionlarda tibbi xidmət: ÖZƏL və ya DÖVLƏT ?-Ən əsası əlçatan olması-Məhərrəm Göyüşoğlunun yazısı
Söz önü:
2020-ci ilin Noyabr ayının 1-də Qazax şəhəri, Çaylı və Kosalar kəndlərinin bir qrup ictimai fəal və vətənpərvər sakininin dəstəyi ilə Qarabağa, işğaldan azad olunmuş Cəbrayıla yardım aparmışdıq. Qayıdanda yolda eşitdim ki, atam insult keçirib.Yaşı irəliləsə də, orqanizm sağlam idi.Bəzi həkimlər uzağı bir həftə yaşayar desə də,5 ay 9 gün əcələ qarşı dirəndi, mücadilə etdi.Amma o xəstəlik üçün əlimiz yalın idi. Çünki, nə rayonumuzda, nə də bölgəmizdə fizioloji reabilitasiya üçün heç bir tibb müəsisəsi yox idi. Pandemiya zamanı olduğuna görə, Təcili Tibbi Yardım maşını tapmaq belə müşkül iş idi. Deməm odur ki, yaxın illərə qədər regionlarda yaşayan vətəndaşların müasir tibbə,səhiyyə xidmətlərinə əlçatanlığı yox idi. Hər şey üçün ancaq Bakıya üz tutmalıydıq. İşdə yaxın keçmiş. Qoy elə keçmiş olsun.
Dünən, aprelin 9-da atamın dünyadan köçməsindən 5 il keçdi.
Bir Sosial şəbəkə elanından sonra yaranan təsüratlarım:-Bu bir reklam deyil!
Bir neçə gün öncə “instagram” da gəzişirkən qarşıma ortodedik problemi olan insanlara pulsuz müayinə haqqında bir elan çıxdı. “SuisseMEd” Gəncə adlı “İnstagram “səhifəsindən skolioz, kifoz,yastıpəncəlilik, Sinə deformasiyaları, ayaq analizi kimi xidmətlərlə pasiyentləri pulsuz müayinə edəcəkləri barədə yayılan elan diqqətimi çəkdi. Mesaj yazdım, həmən geri yazdılar.Pasiyentin ad, soyad,yaşını soruşdular, yazdım.
Aprelin 9-u telefonuma zəng gəldi. Sabah(Bu gün) saat 10-da Tovuzda fəaliyyət göstərən “Regional Müalicə və Reabilitasiya Mərkəzi”nə gəlməli olduğumu söylədilər.(Bu Mərkəzin belə varlığından xəbərimiz yoxdu, halbuki, ayda heç olmasa 3-4 dəfə yanından keçirmişik)
(Dostlar, mənim özümdə yastı pəncəlilik var, bu təbii və genetik olaraq övladlarıma da keçib. Həyatımın sevinci, son beşiyimiz Atillanın ayaqlarını müayinə etdirmək üçün növbəyə yazılmışdım)
Həm də açığını deyim, son dövrlərdə hər sahədə aşırı pullu xidmətin tüğyan etdiyi, xüsusən də özəl səhiyyə sektorumuzda pulsuz müayinənin necə olacağı barədə vətəndaş marağım məni Tovuza getməyə təhrik edirdi.
Bir tərəfdən də evdəki, “radikal və ənənəvi müxalifət”,yəni uşaqların anası- tənqidi və kəskin bəyanatlar səsləndirməyə başlamışdı : )): – “Lazım olanda Qazaxa həkimə aparmırsan, burdan tanımaza-bilməzə Tovuza gedirsən”-deyə qınayıcı sözlərin müşayiəti ilə uz tutdum Tovuza.
Tovuzlu dostlardan soruşdum “Regional Müalicə və Reabilitasiya Mərkəzi”nin ünvanını, sağ olsunlar, dedilər, Qazax tərəfdən girişdə, Azpetroldan sonra sol tərəfdə yerləşir.
Nə isə gəldik bu Mərkəzə. İçəri girəndə təmizlik, səliqə-səhman diqqətimi çəkdi. Güləriz və diqqətli personəl bizi qarşılayıb nöbəyə yazdı. Oturduq gözlədik,o arada ətrafı müşahidə etmək fürsətimiz yarandı. Müasir idman zalında bir gənc qız və yaşlı qadın fizioterapiya məşqləri edirdi, məşqçi-məsləhətçinin yardımı ilə. Çox keçmədən,xeyli yaşlı, gənc və uşaqlarla doldu, Mərkəz .Hər kəsə eyni müamilə, eyni münasibət.
Bizim növbəmiz yetişdi,gülərüz, savadlı və peşəkar mütəxəsis Gülnarə Həşimova bizi qarşıladı, yüksək səviyyədə diqqət göstərdi.Problemin aradan qaldırıla bilən olduğunu, harda istəsək müalicə etdirə biləcəyimizi söylədi. Mənimlə razılaşarsız ki, həkim və ya tibbi işçisi-mütəxəsislə pasiyent arasında ən önəmli şey dialoqdur. Həkim danışığı ilə xəstədə- pasıyentdə inam, etibar hissi yaratdıysa , bu sonrakı uğur üçün əsas bazadır!

Məhz Gülnarə xanımın bu cür davranışı məndə ona qarşı inam formalaşdırdı. Ən əsası müsbət aurası, ünsiyyət mədəniyyəti, peşəkar ortepedik mütəxəsis olması ilə yanaşı bir ziyalıya,aydın bir xanıməfəndiyə yaraşır keyfiyyətlər idi.
Gülnarə xanım bu Mərkəzdə məni başqa bir həmkarı ilə tanış etdi .Fizioterapevt doktor Jalə Bayramova ilə.İngiltərədə oxuyub, işləyib, indi də Tovuzda yaşayan və işləyən bir həkimlə. Yaxın vatxlarda “Qərb Xəbər Tv” yootube kanalında karyerası Britaniyadan başlayıb, Tovuzda davam edən bu həkimlə geniş müsahibəni təqdim edəcəyik.

Söz ardı…
Dəyərli oxucu, inanın səmimiyyətimə ki, mən bu yazını yazmaqla nə bu qurumları, nə də həkimləri reklam etmək fikrindən uzağam. Mənim diqqətimi çəkən,məni sevindirən müasir peşəkar səhiyyənin yavaş-yavaş da olsa regionlara ayaq açmasıdır. Regionda yaşayan vətəndaşa bu cür səhiyyə xidmətlərinin əlçatan olması çox sevindiricidir.
Ümumiyyətlə, həm təhsil, həm də səhiyyənin keyfiyyət səviyyəsi paytaxtla regionlar arasında eyniləşməlidir. Belə olarsa, həm urbanizasiyanın qarşısı alınar, həm də regionlarımız sürətlə abadlaşar. Rəqəmsallasan müasir dünyada məncə bunu etmək o qədər də çətin deyil. Sadəcə dövlətimiz yatırımlarla buna təşviq etməli, iqtisadi və biznes təşəbbüşlərinə sərbəstlik verilməlidir.
Məhərrəm Göyüşoğlu
“Qərb xəbər”






