Ağız Dadı, Həvəs və ya Məcburiyyət! Arıqlamanın Fərqli Yolları-Elnur Nemətovun yazısı
Arıqlama yoluna çıxarkən özümüzə iki əsas sualı verməliyik:
1. Mən bunu həvəslə edəcəyəm, yoxsa məcburiyyətlə?
2. Tövsiyə olunan yeməklərə öyrəşə biləcəyəmmi?
Bu iki sual bir-biri ilə sıx bağlıdır. Çünki arıqlama yalnız bədəndə deyil, həm də ağız dadında və zehində baş verən dəyişikliklərdən asılıdır. Gəlin bunların hansının bizə daha yaxşı nəticə verəcəyini araşdıraq. Bu məsələdə diyeta haqqında baxış bucağımız çox şeyi dəyişir.
Həvəsli arıqlama
Həvəsli insan diyetanı “əzab” yox, seçim kimi görür. Əgər onu məhrumiyyət kimi yox, sağlamlıq və gözəl görünüş üçün edilən seçim kimi qəbul etsək, yeməkləri dəyişmək də daha asan olur. Çünki həvəs daxildən gəldikdə, insan yeni qaydalara və dadlara uyğunlaşmağı daha təbii və rahat qarşılayır.
Beyin və damaq dəyişməyə açıq olur, çünki daxildə motivasiya var. Ona görə həvəslə başlayan arıqlama davamlı və sağlam olur.
Məcburi arıqlama
Məcburi arıqlama isə tam əksinə işləyir. İnsan diyetanı başqalarının tələbi ilə başlayanda, yeməklərə də mənfi yanaşır: “Mən bunu heç vaxt yemərəm”, “Dadlı deyil, boşdu” deyə düşünür.
Bəzən qısa müddət dözə bilsək də, nəticə uzunmüddətli olmur. Çünki hələ başlamazdan əvvəl “bacarmaram, davam gətirmərəm, bu yeməkləri yeyə bilmərəm” deyə özümüzə sədlər çəkirik. Nəticədə nə damaq, nə də beyin uyğunlaşmaq istəyir və proses əksər hallarda yarımçıq qalır.
Bəs ağız dadımız necə dəyişir?
Elm buna maraqlı izah verir: damaq sabit deyil – dad reseptorlarımız təxminən hər iki həftədən bir yenilənir. Bu o deməkdir ki, bu gün acı və dadsız görünən yemək sabah xoşumuza gələ, hətta sevimli yeməyimizə çevrilə bilər.
Qeyd: Genetik olaraq acı dad reseptorları daha həssas olan insanlar bəzi tərəvəzləri heç vaxt tam sevməyə bilərlər. Amma bu o demək deyil ki, onları qəbul etmək mümkün deyil – sadəcə daha çox vaxt və uyğun bişirilmə üsulları tələb olunur.
Həmçinin elm sübut edir ki, bir yeməyə alışmaq üçün onu 10–15 dəfə dadmaq kifayətdir. İlk günlər “boş” görünən tərəvəzlər bir neçə həftədən sonra həm normal, həm də ləzzətli ola bilir.
Adaptasiya necə baş verir?
Beynimiz burada öz sözünü deyir.
Sadə bir misal:
Uzun illərdir sadə və klassik geyimləri sevirik. Birdən moda dünyasında al-əlvan rənglərlə dolu sport dəb trend olur. İlk baxışda bu rənglər və stil bizə yad və qəribə görünür. Amma moda jurnallarına baxır, dostlarımızın üslubunu görür və tədricən özümüz də həmin stili bir-iki dəfə sınayırıq. Bir müddət sonra əvvəllər bizə yad görünən rənglər və geyim tərzi həm “trend”, həm də xoş görünməyə başlayır.
Damaq da eyni prinsiplə işləyir: ilk dəfə sevmədiyimiz dadlara zamanla alışmaq mümkündür – kifayət qədər təkrar və düzgün təqdimatla onlar xoşumuza gəlməyə başlayır.
Nəticə:
Deməli, “Həvəs” – arıqlamanı davamlı edir. Adaptasiya isə damağı yeni dadlara öyrədir. Əgər bu iki gücü birləşdirə bilsək, həm çəkimiz azalacaq, həm də sağlam qidaları sevərək qəbul edəcəyik.
Arıqlamaq istəyiriksə, gəlin bir daha özümüzə sual verək: “Mən bunu məcburiyyətlə edirəm, yoxsa həvəslə?”
Unutmayaq!
Məcburi arıqlama qamçı ilə qaçış kimidir – yorucu, stressli və qısamüddətli.Həvəslə arıqlama isə qanadla uçmaq kimidir – azad, yüngül və davamlı.Bir gün sağlamlığımızı geri qaytarmaq üçün məcburi arıqlamaqdansa, indi öz həvəsimizlə başlamaq – həm bədənimiz, həm də zehni sağlamlığımız üçün ən doğru yoldur.
Hörmətlə :




