Jurnalist Şəmistan Nəzirli Qazaxda vəfat etdi
Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli 83 yaşında vəfat edib.
Qocaman jurnalist bu gün Qazaxda keçirilən bir tədbirdə qəfil ürək tutmasından vəfat edib.
Qerbxeber.com xəbər verir ki, onun nəşi Qazaxdan Bakıya gətirilir.
Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub. Əsli Qazaxdandır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
Ədəbi fəaliyyətə 1958-ci ildə “Sovet Ermənistanı” qəzetində çıxan kiçik bir məqaləsi ilə başlayıb. Tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin “Xatirələrim” kitabı 1984-cü ildə “Azərnəşr“ tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılıb.
Şəmistan Nəzirli Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısıdır.
O, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olub.





