Yağsız Yemək Arıqlatmaz – Daha da Kökəldir!”-ELNUR NEMƏTOV dan dəyərli TÖVSÜYYƏLƏR
Yağ və piy deyiləndə bir çoxunun ağlına köklük, dolğun bədən, şişkinlik gəlir. “Yağlı ziyandır, olmaz yağlı yemək, kökələrsən, piylənərsən, arıqlamaq istəyirsənsə tamamilə yağdan uzaq dur!” kimi sözləri, demək olar ki, hamımız eşidirik. Yağ-piydən azad olmaq üçün bəzi qidalardan kortəbii imtina edirik.
Kimisi sirkəli su içir, kimisi ancaq zülal yeyir, kimisi yalnız qarabaşaqla qidalanır, dəxli olmayan detokslar, ac qalmaq, yağlardan tamamilə imtina və s. üsullara əl atır. Amma bütün bunların kökəlməyə daha çox səbəb olduğundan xəbərsiz oluruq.
Doğrudanmı bu belədir? Məgər yağdan, piydən imtina kökəlməyə səbəb olur?
Bəli! Yağsız diyetalar metabolizmi yavaşlada və iştahanı artıra bilər, bu da uzun müddətdə çəkini geri qaytarır.
Gəlin baxaq, bu necə olur. Amma əvvəlcə yağla piyin fərqini dəqiq anlayaq.
Yağ və piy fərqli anlayışlardır.
Yağ qida tərkibində olan, bədən üçün vacib enerji mənbəyidir. Hüceyrələrin quruluşunu, hormonların sintezini, metabolizmi və enerji təminatını dəstəkləyir.
Piy bədənin artıq qəbul etdiyi enerjini ehtiyat kimi saxladığı formadır. Orqanların qorunması, istiliyin saxlanması (izolyasiya), daxili orqanların ətrafında qoruyucu “yastıq” rolunu oynayır.
Yağ da, piy də bədən üçün vacibdir, amma balanslı miqdarda. Yəni, yağın miqdarı az olsa, metabolizm çökür. Çox olsa, piy yığılır. Piyin miqdarı az olsa, orqanizmin qoruma funksiyası zəifləyir. Çox olsa, sağlamlığa ziyan vurur. Buna görə balansı saxlamaq həm yağ, həm piy üçün əsas şərtdir.
Bəs arıqlamaq üçün yağ-piyin rolu nədir? Bədənin arıqlama mexanizmi birbaşa Leptin hormonu ilə əlaqəli olduğundan bu hormon daim diqqət mərkəzində olmalıdır. Leptin piy hüceyrələrindən ifraz olunan, beyinə “toxam” siqnalı göndərən hormondur. Sağlam yağlar leptinin fəaliyyətini dəstəkləyir, beynin siqnalı düzgün almasına kömək edir. Artıq piy isə beynin leptin siqnalını eşitməsinə mane olur. Bu, kökəlməyə səbəb olan və arıqlamağa mane olan əsas amildir. Buna Leptin rezistentliyi deyilir.
Necə olur ki, beyin Leptin siqnalını eşitmir? Təsəvvür edin, qonşuluqda eyni mahnı hər gün, hər saat səslənir. İlk günlər bu səs sizi narahat edir, diqqətinizi çəkir. Bir müddət sonra beyin o səsə alışır və artıq qulaq asmır.
Leptinlə də eyni proses gedir:
-Piy hüceyrələri leptin hormonunu davamlı “oxudur”, beyin daim “toxam” siqnalı alır. Piy çoxaldıqca leptin ifrazı da artır, siqnal həddən artıq çoxalır. Beyin bu siqnalı “adi səs” kimi görür, reaksiya vermir, hüceyrələr leptinə qarşı həssaslığını itirir. Artıq beyin leptini eşitmir, bədəni daim ac zənn edir, iştaha artır, bədən enerjini yığır və piy toplanır.
Nəzərdə saxlamaq lazımdır ki, şəkər, emal olunmuş qidalar, gecə yuxusunun az olması, ən əsası tez-tez başlayan və pozulan diyetalar Leptin rezistentliyinə gətirib çıxarır.
Tövsiyyə
Kortəbii şəkildə ac qalmaqla və ya mənbəyi bilinməyən diyet proqramları ilə arıqlamağa çalışmayın. Cünki tamamilə yağsız diyetalar hormon balansını pozur və uzun müddətdə arıqlamanı çətinləşdirə bilər
Arıqlamağın sirri sadəcə az yeməkdə və qadağalarda deyil, beynin leptin siqnallarını düzgün eşitməsini bərpa etməkdədir. Mütəxəssislərə müraciət edin, sağlam qidalanın, leptini oyadın. O zaman bədən artıq piyi özü yandıracaq!




