Çörək – Biz ondan niyə heç vaxt bezmirik?-ELNUR NEMƏTOVDAN möhtəşəm dieta təhlili
Çörək – bəlkə də gündəlik qidalanmanın ən adi görünən hissəsidir. Əslində, o, ən güclü bağlılıq hissi yaradan qidalardan biridir.
Deyirlər: çörək tez həzm olunur, tez enerji verir. Bəli, bu doğrudur. Amma maraqlıdır ki, bir çoxumuz bu tez tükənən enerjini hər gün, hətta hər yeməkdə axtarırıq. Sanki süfrədə çörək yoxdursa, nəsə əksikdir. Bu, sanki cərəyan asılılığına bənzər bir haldır: bəzən işıq sönəndə çaşıb qalırıq, çünki hər şey elektriklə idarə olunur. Çörək də elə bir “enerji mənbəyidir” ki, yoxluğu bizi narahat edir.
Bəs niyə? Çünki çörək sıradan bir qida deyil.
Gəlin bir anlıq gözümüzü yumub xatirələrimizə qayıdaq: bir çörək bişən yerin yanından keçəndə isti çörəyin qoxusu dərhal bizi uşaqlığımıza, nənə-babamızın evinə, təndirdə bişən çörəklərə, qışda odun sobasında qızdırılıb yeyilən boyat çörəklərə aparır. Demək, bu təkcə dad deyil – həm də nostaljidir.
Bəzən eşidirik: “Filankəslə düz çörək kəsmişəm”, “Onunla tonnan çörək yemişik” və ya “Çörəyi tapdalaya bilmərəm” – bu kimi deyimlər artıq yeməkdən çox, bizim üçün dostluğun, barışın, firavanlığın, münasibətin rəmzinə çevrilib. Demək ki, o, sadəcə qida deyil – yeməyin dadını tamamlayan, qonaqpərvərliyin simvolu, hətta insanlar arasında körpü quran, düşmənçiliyə nöqtə, etimada möhür vuran bir mənəvi dəyərdir. Bu günə kimi heç bir yemək bu qədər mənəvi və emosional yük daşımamış, belə bir status qazanmamışdır.
Daha bir incə məqam – çörəyin uzunömürlülüyü ilə bağlıdır. Bir yeməyi ard-arda 2-3 gün yesək, tezliklə başqa bir şey axtarırıq, bezirik. Amma çörəyi bir ömür yeyirik və “bezdim” demirik. Çünki o, sadəcə dad yox – sabitlik, tanışlıq, məmnunluq hissi də verir.
Çörəyə olan sevgimiz bəzən fiziki ehtiyacdan çox, psixoloji bağlılıq səviyyəsində olur. Gündəlik qidalanmada elə bir nöqtəyə gəlirik ki, çörək olmadan yemək “tam” görünmür. Ona görə deyirik: “Çörəksiz doymadım”, çünki bədən bizdən çörəkdən çox – o hissləri görmək istəyir.
Gələk əsas məsələyə: Bəs nə üçün diyeta zamanı çörək azaldılır?
Burada məsələ sadədir: çörək – xüsusən də ağ undan hazırlanan çörək – yüksək qlikemik indeksə malik olduğuna görə qan şəkərini sürətlə yüksəldib sonra da tez endirir. Bu isə aclıq hissinin tez-tez yaranmasına səbəb olur. Nəticədə tez aclıq yaranır, yenidən yemək istəyirik və bu, dövri olaraq artıq kalori qəbuluna gətirib çıxarır.
Yəni çörəyi azaltmaqda məqsəd – bədəni yox, bu dövrəni qırmaqdır. Çünki davamlı aclıq hissi əslində enerji çatışmazlığı deyil, bədənin çörək və şirniyyat kimi sürətli enerji mənbələrinə öyrəşmiş biokimyəvi reaksiyası və bu qidalarla bağlı formalaşmış psixoloji ehtiyacdır.
Bəs bu ehtiyacı necə idarə edək?
Çörəyi tamamilə kəsmək şərt deyil. Əksinə, onu şüurlu şəkildə dəyişmək daha effektiv və davamlı nəticə verir. Məsələn, ağ un əvəzinə tam buğda, çovdar, yulaf, qarabaşaq unundan hazırlanan çörəkləri seçmək olar. Amma bunları da hər yeməkdə deyil – günün müəyyən vaxtlarında və miqdarı nəzarətdə saxlamaqla qəbul etmək daha uyğundur.
Əsas yeməyə fokuslanmaq vacibdir.
Unutmayaq: “Çörəksiz doymuram” demək zəiflik deyil – bu, illərlə formalaşmış mədəni bir refleksdir. Əgər sağlam olmaq istəyiriksə, bu reflekslə mübarizə aparmaq yox – onu tanıyıb düzgün idarə etməyi öyrənməliyik.
Tövsiyə:
Çörəkdən imtina etmək vacib deyil. Vacib olan – çörəyin bizi idarə etməsinə yol verməməkdir. O, bizim uşaqlığımızı, süfrə xatirələrimizi, doğmalıq hissini təmsil edə bilər. Amma ruh halımızı, bədənimizi yönləndirəcək gücə sahib olmamalıdır.
Çörəyi sevdiyimiz qədər – özümüzü də sevməliyik. Amma təkcə çörəyi dəyişməklə iş bitmir – vərdişlərimizi də dəyişməklə, nəzarətə tam sahib ola bilərik.
Bu, bizim yolumuzdur – tikə-tikə, mərhələ-mərhələ… sağlamlığa doğru!
Hörmətlə:Peşəkar idmançı, Sağlam həyat üzrə motivator Elnur Nemətov





