Mən və bədənim buna hazırıqmı?-Peşəkar idmançı ELNUR NEMƏTOVDAN
Bəzən kortəbii şəkildə arıqlamağa və ya kökəlməyə cəhd edirik.
Halbuki prosesə təsadüfi və plansız başlamaq əksər hallarda uğursuzluqla nəticələnir.
Məhz buna görə də başlamazdan əvvəl bədən analizatoru ilə ümumi vəziyyətimizi yoxlamalıyıq.
Bu, prosesə kor-koranə yox, məqsədli və nəticəyə yönəlmiş şəkildə başlamaq üçündür.
Çünki hər kök insan xəstə deyil, hər arıq insan sağlam deyil.
Ona görə bunları bilməmiz vacibdir:
- Əzələ və sümük kütləmiz nə qədərdir?
- Fiziki tipimiz hansı kateqoriyadadır (1, 2, 3)?
- Bioloji yaşımız bədən yaşına uyğun gəlirmi?
- Metabolizm hansı səviyyədə işləyir?
- Bədənimizin su faizi neçədir?
- Ümumi piy və xüsusilə daxili (visseral) piy hansı səviyyədədir?
Əgər daxili orqanları əhatə edən visseral piy yüksəkdirsə, bu, təkcə “çox yemisəm” deyə formalaşan piy deyil —o deməkdir ki, bədənin içində sistemlər düzgün işləmir.
Bunun üçün bədənin funksiyalarını tənzimləməklə prosesə xüsusi yanaşma lazım gələcək.
Bəs necə başlayaq?
Qeyd olunan məlumatları əldə etdikdən sonra bu sualları özümüzə verməliyik:
Bu günə qədər nə yeyirdim?
Bədənim bu qidaları necə qəbul edirdi?
Yeməkdən sonra nə zaman özümü ağır və yuxulu hiss edirdim?
Hansı qidalar məni enerjili və aydın düşüncəli edirdi?
Nələri yeyəndə şişkinlik, narahatlıq, halsızlıq yaranırdı?
Bu suallar bizə bədən reaksiyalarını tanımağa və onunla harmoniya qurmağa kömək edəcək.
Yoxsa ki, “Kortəbii şəkildə birdən arıqlamağa başlayım, hara qədər gedə bilirəmsə, gedim, sonra lazım olsa mütəxəssisə müraciət edərəm” məntiqi başlanğıcdan yanlışdır.
Çünki mütəxəssisə müraciət etmədən əvvəl bədənimizə ciddi zərər verə bilərik.
Belə olan halda nəticələr ya zəif olacaq, ya da geri dönüşlü çəki artımı baş verəcək.
Bir qədər arıqlayıb, sonra əvvəlkindən daha artıq kökəlmək də məhz buna görədir…
Bunu bir dəfəlik yadda saxlamalıyıq:
Arıqlamaq — kalorini azaltmaq deyil.
Arıqlamaq — bədənin tarazlığını bərpa etməkdir.
Hər az yeyən arıqlamır, hər çox yeyən də kökəlmir.
Ona görə prosesə lap başdan düzgün istiqamətdə başlamaq lazımdır.
Tövsiyəm:
Bədənimizi tanımadan, kortəbii üsullarla arıqlamağa və ya kökəlməyə çalışmayaq.
Qidaları sadəcə “az və ya çox kalori” kimi deyil, “bədənimizə necə təsir edir?” sualı ilə dəyərləndirək.
Çünki qidalanma bir rejim deyil – bu, həyata olan münasibətimiz və yaşam tərzimizdir.
Bədənimizi tanımadan heç bir qidalanma və ya idman proqramı qalıcı və düzgün nəticə verməyəcək.




