Yeməyə və özünə münasibət-Sağlam həyat üzrə motivator ELNUR NEMƏTOVUN yazısı
Çoxları düşünür ki, arıqlamaq üçün sadəcə az yemək, kalori saymaq və ya şirniyyatlardan uzaq durmaq kifayətdir. Amma nəzərdən qaçırdığımız incə məqamlar da var ki, onlar dəyişimin və işin əsas sirrini təşkil edir — emosiyalarımız…
Arıqlama yolunda emosiyalarımız, gündəlik vərdişlərimiz və özümüzə münasibətimiz ən az qidalar qədər təsirə malikdir.
Psixologiyada bir fikir var: “Özünə nə qədər qayğı göstərsən, beynin o qədər ‘sən dəyərlisən’ siqnalı alır” və “Mən bacarmıram” hissi yox olur.
Dəyişimin əsas sehri də budur — zövqlə hazırlanmış yeməklər, gözəl bəzədilmiş boşqab
Çünki orada təkcə qida yox, özünə hörmət, diqqət və sevgiylə atılmış addım var.
Bəli, hər şey elə boşqabla münasibətdən başlayır.
Çünki yeməyimizi zövqlə hazırlamaq, rəngarəng qidalarla ünsiyyət qurmaq motivasiyada başlıca amildir.
Bəs niyə yeməyi zövqlə təqdim etməliyik?
Bunu sanki paltar ütüləməyə bənzədin: Gündəlik həyatımızda evdən çıxarkən paltarımızı ütüləyib, ağlı başında, toparlanmış şəkildə, şux, təmiz geyinirik ki, özümüzü yaxşı hiss edək. Bu vərdiş bizi günə özümüzə hörmətlə başlatmağa kömək edir.
Yemək də eynilə belədir.
Düşünün! Səhər yuxudan oyanıb, sadə bir sıyığı sevgi ilə, gözəl formada bəziyirik — üzərinə bir neçə giləmeyvə, bir az kişmiş-filan, bir çimdik darçın…
Bəh-bəh!
Sıyıq sanki üzümüzə gülür və “Nuş olsun” deyir.
Belə olanda beynimiz sakitləşir, dopamin ifraz edir və biz artıq o yeməyi tələsik, acgözlüklə deyil, şüurlu və zövqlə yeyirik.
Çünki yeməyini bəzəyəndə, səliqəli boşqab hazırlayanda beynin bunu təhlükəsizlik, dəyər, sakitlik kimi qəbul edir.
Amma necə gəldi yemək, “onsuz da pəhrizdəyəm” deyib kobudca qarışdırmaq, psixoloji olaraq bizə “bu əziyyətə dəymirsən” mesajı verir.
Yəni, boşqabımıza yeməklərlə bir az dekor versək, həm fiziki olaraq toxluq, həm də psixoloji olaraq rahatlıq hiss edəcəyik.
Bu incə məqam o qədər vacibdir ki, bəzən gözəl bəzədilmiş salat, bir dilim səliqə ilə kəsilmiş xiyar, rəngli tərəvəzlərlə toyuq filesi və ya muncuq kimi düzülmüş qırmızı lobya dənələri bizə bir “detoks”dan daha çox fayda verə bilər.
Tövsiyəm budur ki:
Yemək yeməyi sadəcə enerji qəbulu kimi yox, ədəb, əxlaq və münasibət kimi qəbul edəsiniz.
Özünüzə, bədəninizə, sağlamlığınıza olan münasibətdə ən yaxşı, ən gözəl olanını önə çəkin.
Çünki biz bu dəyişimi əzabla deyil, sevgi ilə keçməliyik.




