Avropa Parlamenti Gürcüstanla bağlı qəbul etdiyi qətnaməyə sərt düzəlişlər əlavə edib
Avropa Parlamenti Gürcüstanla bağlı qəbul etdiyi qətnaməyə əlavə olunmuş düzəlişdə vurğulanır ki, qarşıdan gələn bələdiyyə seçkiləri gürcü xalqının demokratik iradəsini əks etdirə bilməyəcək, əgər həbsdə olan və saxlanılan müxalifət liderləri azadlığa buraxılmasa, seçkilər təkmilləşdirilmiş və şəffaf seçki mühitində keçirilməsə.
Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, sənəddə xüsusi olaraq qeyd olunur:
“Birpartiyalı parlamentin və onun tərəfindən seçilmiş prezidentin legitimliyini tanımamaq siyasəti Gürcüstanın siyasi kursunda konkret dəyişiklik baş verənə və yeni, azad və ədalətli parlament seçkiləri keçirilməyənə qədər davam etməlidir.”
Qətnamədə bildirilir ki, hazırkı siyasi və hüquqi şərait, bələdiyyə seçkilərində iştirak etmək istəyən namizədlər üçün ciddi çətinliklər yaradır:
“Mövcud şəraitdə bələdiyyə seçkilərində iştirak potensial namizədlər üçün böyük çağırışdır – xüsusilə də azad və ədalətli rəqabətə ümid edənlər üçün. Hakimiyyəti əlində saxlayan qüvvə isə bu iştirakdan yeni status-kvonun legitimləşdirilməsi kimi istifadə edə bilər.”
Qətnamədə qeyd olunur ki, seçkilər yalnız o zaman xalqın iradəsini əks etdirə bilər ki:
- Müxalifət liderləri azadlığa buraxılsın;
- Seçkilər müstəqil və qərəzsiz seçki administrasiyasının nəzarəti altında, ədalətli, azad və şəffaf şəraitdə keçirilsin.
Avropa Parlamenti, vurğulayıb ki, Gürcüstanda yaranmış siyasi və konstitusiya böhranının yeganə çıxış yolu yaxın aylarda azad və ədalətli parlament seçkilərinin keçirilməsidir. Bu seçkilər təkmilləşdirilmiş seçki mühitində, beynəlxalq və yerli müşahidəçilərin ciddi monitorinqi ilə baş tutmalıdır ki, xalqın həqiqi iradəsi düzgün şəkildə əks etdirilsin.





