Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi
Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İlkin məlumata görə, o, mənzilində intihar edib.
“Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb.
“Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər:
Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin qubernatoru olarkən onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib.
Xatırladaq ki,Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.




