Kardinal Dzuppi Vatikanın Ukraynaya humanitar missiyasını davam etdirəcək
İtaliya Yepiskopları Konfransının rəhbəri kardinal Matteo Dzuppi Ukrayna nizamlanmasının asanlaşdırılması üçün nəzərdə tutulan humanitar missiyasını davam etdirəcək.
Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.
“Bəli, missiyam davam edəcək. Bu, sırf humanitar xarakter daşıyır”, – deyən kardinal yaxın gələcəkdə Rusiyanın Vatikandakı səfirliyi ilə razılaşdırılaraq gələcək addımların müzakirə ediləcəyini bildirib.
Bu iş çərçivəsində Müqəddəs Taxt-Tacın yardımı ilə əsirlərin dəyişdirilməsi və uşaqların qaytarılması ilə bağlı razılıq prosesi gedir. Dzuppi qeyd edib ki, tərəflərin bu məsələlər üzrə birbaşa dialoq aparmağa nail olması son dərəcə vacibdir.
Xatırladaq ki, Dzuppi əvvəlki Roma Papası Fransisk tərəfindən Ukrayna üzrə xüsusi elçi təyin edilmişdi. Dzuppinin sözlərinə görə, yeni pontifik – XIV Leo da bu işin humanitar aspektlərdə davam etdirilməsini dəstəkləyib. O, missiyası çərçivəsində ilk olaraq Kiyev, Moskva, Vaşinqton (hələ Cozef Bayden administrasiyası dövründə) və Pekində olub.



