Kiloqram yoxsa Santimetr-hansı önəmlidir?-peşəkar idmançı Elnur Nemətov yazısı
Bir çox insan diyet saxlayanda ilk növbədə tərəzinin göstəricilərinə fokuslanır.
Lakin burada çox maraqlı bir məqam var: bəzən çəki yavaş gedir və ya ümumiyyətlə dayanır, amma bədən ölçüləri — bel, bud, omba, qol — gözlə görünəcək dərəcədə kiçilir.
Bu nə deməkdir? Yaxşıdır, ya pis?
Əslində bu çox yaxşı haldır və əsl uğurun göstəricilərindən biridir.
Gəlin birlikdə səbəblərinə və mexanizmə nəzər yetirək:
Niyə çəki dayanır və ya yavaş gedir?
Səbəbi:
Bildiyimiz kimi, bədən piy və əzələ kütləsini fərqli şəkildə itirmə və ya qazanma qabiliyyətinə malikdir.
Əzələ toxuması normalda piydən daha sıx və ağırdır.
Yəni, 1 kq əzələ ilə 1 kq piyi müqayisə etsək, piyə nisbətdə əzələ daha az yer tutur, amma daha ağır gəlir.
Piy toxuması azalanda, əzələlər möhkəmləndikcə və bərpa olunduqca, bədən sanki “yenidən formalaşır”.
Əksinə, piy artıb əzələ azaldıqca bədəndə qocalma və dəri sallanmaları müşahidə olunur.
Çəkinin dayanmasının daha bir səbəbi “Metabolik adaptasiya” adlanır.
Yəni, uzunmüddətli diyet zamanı bədən enerji xərclərini optimallaşdırır, metabolizm bir qədər yavaşlayır və bu zaman çəkidə böyük fərqlər görmək çətinləşir.
Digər səbəb isə su yığılması və hormonal dəyişikliklərlə bağlıdır.
Yeni qida planına keçid zamanı bədəndə su saxlanması baş verə bilər.
Bu da tərəzidə “durğunluq” effekti yaradır.
Bəs bədən ölçüləri necə kiçilir?
1)Piy toxuması itirilir və bədən daha sıx, yığcam olur.
2. Əzələlər möhkəmləşir, forma dəyişdiyindən daha düz və dartılmış görünürük.
3)Həmçinin selülit və şişkinlik azalır, bu da ölçülərdə fərqin daha da artmasına səbəb olur.
Bəs bunların yaxşı və pis cəhətləri nədir?
Yaxşı cəhətləri:
Bədənin tərkibi dəyişməklə yanaşı daha sağlam və formalaşmış görkəm alırıq, eləcə də maddələr mübadiləmiz yaxşılaşır.
Motivasiyamız artır, çünki ölçü fərqləri paltarda hiss olunur.
Yavaş-yavaş kompliment yağışına düşürük)))
Pis cəhətləri (şərti olaraq):
Çəkiyə çox bağlanan insanların demotivə olmasıdır.
Yəni, hər gün dəyişən çəki görməyə vərdiş edənlərin, “hər şeyi deyilən kimi edirəm, amma çəkim dayanıb” deyərək həvəsdən düşməsi.
Unutmayaq!
Bizə sağlam və şux vücud lazımdır.
Gəlin təkcə tərəziyə deyil, həm də güzgüyə və dəyişən bədən ölçülərimizə baxaq.
Doğru qurulmuş qida zəncirindən möhkəm yapışsaq, çəkimiz dayanmış kimi görünsə də, bədənimizin ideal formaya gəldiyini görəcəyik.
Bu isə onu göstərir ki, proses düzgün gedir, düzgün qida zənciri qurulub, biz peşəkarla doğru istiqamətdə yoldayıq — piy gedir, əzələmiz artır və möhkəmlənir.




