Qarın piylənməsinə YOX deyək!-Sağlam həyat tərzi üzrə motivator Elnur Nemətovun yazısı
Bəzən güzgüdə özümüzə baxanda, geyimlərimizin əynimizə oturmadığını görəndə, “artıq çəkim var” deyirik və bu bizə psixoloji təsir edir. Amma iş bununla bitmir. Qarın bölgəsində yığılan piylər təkcə görünüşə yox, eyni zamanda sağlamlığımıza ciddi təhlükə yaradır.
Bəs qarın piylənməsi hansı fəsadlara səbəb olur?
Qarın bölgəsində toplanan daxili piylər (yəni visseral yağlar) damarlarımızı daraldaraq infarkt və insult riskini artırmaqla yanaşı
orqanizmin insulini düzgün istifadə etməməsinə səbəb olur. Bu isə zamanla 2-ci tip diabetin yaranmasına gətirib çıxara bilər.
Xüsusilə qadınlarda hormonal balanssızlıqlar, sonsuzluq və digər problemlərə yol aça bilər.
Əgər qarında yağ toplanırsa, bu yağların bir hissəsi qaraciyərdə də yığılmağa başlayır. Bu isə qaraciyərin funksiyalarını pozmaqla orqanizmi daha ciddi risklərlə üz üzə qoyur
Ardıyca isə psixoloji təsirlər, komplekslər, özünü bəyənməmək, sosial mühitdən çəkinmək, özünə qapanma və panik atak və bütün bunlar insanın həyat keyfiyyətini aşağı salır.
Bəs necə edək?
“Yatdım durdum qarın getdi”, deyərək möcüzə gözləməyin, qarın piyini əritmək heç də asan iş deyil, bunun üçün bu işin peşəkarına müraciət etmək lazımdır. Ağılla, səbirlə , düzgün tərtib olunmuş qida zənciri və icəzə verilən halda idmanla bunun öhdəsindən gəlmək olar.
Tövsiyə edirəm:
-Sağlam həyat tərzi üçün ilk növbədə yuxu rejiminizə ciddi yanaşın;
-rahat və dəstəkləyici ayaqqabılar geyinin;
-boş vaxtlarınızı təmiz havada gəzintiyə sərf edin;
-qısa məsafələrdə avtomobilə yox, piyada getməyə üstünlük verin;
-gün ərzində bəlli saatlarda günəş vannası qəbul edərək D vitamini səviyyənizi tənzimləyin;
-bol su için;
-balanslı və təbii qidalarla qidalanın;
-stressi idarə edin
Və bütün bu vərdişləri gündəlik həyatınıza daxil etməklə həm fiziki, həm də psixoloji sağlamlığınızı qoruyun!



