Kateqoriyasız

Pambıq Aran bölgəsinə nə verdi? – Araşdırma

17 fevral / 00:05 18 dəq
2
17 fevral / 00:05
Burada sizin reklamınız ola bilər

Azərbaycan dövlət müstəqiliyini bərpa edəndən sonra ölkədə aqrar islahat həyata keçirildi- keçmiş kolxoz və sovxozlar ləğv edildi. Onların torpaqları isə kəndlilərə pay kimi verildi. Bundan sonra pambıq əkmək Azərbaycan kəndlisinin könüllü seçimi oldu.

Hökumət qeyri-neft sektoru haqqında düşünməyə başladı

Nəticədə 1999-cu ildən etibarən pambıq istehsalı 100 min tondan da aşağı düşdü. 2009-cu ildə Azərbaycanda 32 min tona yaxın pambıq tədarük edilib ki, bu, təqribən bir əsr əvvəlin- 1913-cü ilin göstəricisindən iki dəfə azdır.

2015-ci ildə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşanda, hökumət nəhayət qeyri-neft sektorunun inkişafı barədə ciddi düşünməyə və real addımlar atmağa başladı. Və bu zaman pambığı seçdi.

Niyə məhz pambıq? Bu suala Azərbaycan prezidentinin son illərdəki çıxışlarından cavab tapmaq olur:

  1. İxracyönümlü olmağına görə;

“Pambıq ixracyönümlü məhsuldur, ölkəyə valyuta gətirir. Elə məhsul Azərbaycanda istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır.” 

  • əməktutumlu olmağına görə;

“Pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var.”

  • ənənəviliyinə görə;

Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olubdur”.

Dövlət dəstəyi nəticəsində pambıq əkini yenidən genişlənməyə başlayıb. Əgər 2015-ci ilə ölkə üzrə 18,7 min hektar sahədən 35,2 min ton məhsul istehsal edilmişdisə, 2018-ci ildə 132,5 min hektardan 232,2 min ton, 2019-cu ildə 100,1 min hektardan 294 min ton xam pambıq tədarük edilib.

Hökumət xam pambıq istehsalını 2022-ci ildə 500 min tona çatdırmağı hədəfləyib. Hazırda 1 ton pambığın alış qiyməti  növündən asılı olaraq 550-650 manat aralığında dəyişir.

Ölkə başçısı çıxışlarında dəfələrlə bu sahənin gəlirli olduğunu  deyib:“Pambıqçılığı inkişaf etdiririk ki, insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı pul qazansınlar.”  

Pambıq əkininin genişlənməyi ölkənin təqribən 20 rayonunda mövsümi işlər yaranmağına səbəb olub. Hər hektara qulluq etməyə 2 nəfər işçi tələb olunduğu deyilir. Bu hesablama ilə 100 min hektara 200 min işçi düşür. Amma bu işlər yazın ortalarından payızın sonunadək davam edir. Bir günlük əməyə görə isə 10-15, ən çoxu 20 manat haqq ödənilir.

Təhsilsiz qadınlar üçün yeni iş yeri…

Heç bir yerdən gəliri olmayan əyalət insanı, xüsusilə təhsilsiz qadınlar üçün bu iş, əziyyətli olsa da, sərfəlidir. Amma burada da həyat və sağlamlıq üçün risklər var. 2018-ci ildə Saatlı, Tərtər, İmişli və digər rayonların pambıq tarlalarında alaq otlarını təmizləyən işçilər kütləvi olaraq kimyəvi zəhərlənməyə məruz qalıblar. Bundan əvvəl və sonrakı vaxtlarda isə işçilərin “gün vurması”,  tarlaya yük maşınında aprılanların qəzaya düşüb ölməsi faktları qeydə alınıb. Üstəlik bu sahədə çalışanlarla əmək münasibəti qeyri-rəsmi qurulur.

İnsan hüquqları üçün riskli sahə

Hüquqşünas Vazeh Zahidov hesab edir ki, Azərbaycanda pambıqçılıq insan hüquqları üçün riskli sahədir:

“İşlərin mövsümi olmağına baxmayaraq qanunla işçilərlə əmək müqaviləsi bağlanılmalı, əməyin mühafizəsi təmin edilməlidir. Lakin bu qaydalara əməl edilmir. Son illərdə pambıq tarlalarında baş verən kütləvi zəhərlənmə və günvurma halları onu göstərir ki, bu sahəyə nəzarət həddindən artıq zəifdir. İşçilərin tarlalara yük maşınlarında aparılması, fasilə vaxtlarında dincəlmək üçün normal şəraitin yaradılmaması, sanitar-gigiyenik normalara əməl olunmaması, mümkün bədbəxt hadisələrdən sığortalanmaması da belə hüquq pozuntularındandır”.

Müxtəlif dövrlərdə kənd təsərrüfatı mütəxəssisləri, iqtisadçılar və hüquqşünaslar bu sahənin inkişafı, onun iqtisadiyyata, əhalinin rifahına daha çox töhfə verməsi ilə bağlı təkliflərlə çıxış ediblər. Onları aşağıdakı şəkildə ümumiləşdirək:

  • Azərbaycanın pambıq istehsalı üçün kifayət qədər resursları (torpaq, texnika, su ehtiyatları) yoxdur. Bundan əlavə, onun əkinini daha çox kütləviləşdirmək kənd təsərrüfatının digər sahələrinə mənfi təsir göstərir.
  • Xam pambığın ixracı iqtisadi cəhətdən səmərəli deyil. Hökumət xam pambığı son məhsula çevirən sənayenin yaradılmasına güc verməlidir. Bu, ölkəyə daha çox gəlir gətirə, yeni iş yerlərinin açılmasına səbəb ola bilər.
  • Bu sahədə bazar iqtisadiyyatı prinsipləri gözlənilməli, hökumət məcburetmə ilə deyil, stimullaşdırıcı tədbirlər görməklə pambıq əkininə nail olmalıdır.
  • Tarla işi görənlərlə əmək münasibəti qanuni çərçivəyə salınmalı, ətraf mühit, həyat və sağlamlıq üçün risq faktorları aradan qaldırılmalıdır.

Pambıqçılığın tarixi qədimdir

Əslində altı, üstü sərvətlərlə zəngin olan Azərbaycan torpağında pambığın nə vaxtdan yetişdirilməyi ilə bağlı dəqiq məlumat yoxdur.

İsti iqlimin, münbit torpaqların və əkinçilik ənənəsinin olmağına görə ehtimal edilir ki, pambıq bitkisi bu ərazidə xeyli qədimdən yetişdirilib. Bu ehtimalı qüvvətləndirən həm də odur ki, Saatlıda arxeoloji qazıntı zamanı erkən Tunc dövrünə aid edilən küp qəbirdən kətan parça qalığı aşkar edilib.

Qədim ipək yolunun üzərində yerləşdiyindən orta əsrlərdə bu diyara növbənöv parça və toxuculuq məmulatları gətirilib. 19-cu əsrin əvvəllərində Mil, Muğan, Şirvan, Salyan, Qarabağ düzlərində, Gəncə-Qazax bölgəsində pambıq əkininin kütləviləşməyi ilə bağlı dəqiq məlumatlar var.

Türkmənçay müqaviləsi (1828) nəticəsində Araz çayının şimal hissəsindəki Azərbaycan torpaqlarını öz ərazisinə qatan Rusiya imperiyası, az müddət sonra burada pambıqçılığın inkişafına önəm verib. O dövrdə Rusiyanın toxuculuq müəssisələri xammala olan tələbatı Misir və Hindistanda yetişdirilən pambıq hesabına ödənilirirdi.

İdxaldan asılılığı azaltmaq üçün çar Rusiyası pambıq bitkisinin yetişə biləcəyi ərazilərdə geniş miqyaslı tədbirlər görüb. 1907—1911-ci illərdə Muğan və Mil düzlərində ümumi uzunluğu 500 km-ə çatan magistral və qol kanalları çəkilib. Otlaq və şoran yerlərin bir qismi əkin dövriyyəsinə cəlb edilib. Ucuz işçi qüvvəsi formalaşdırmaq üçün imperiyanın müxtəlif yerlərindən bura rusdilli əhali köçürülüb.

Nəticədə 1913-cü ildə, əsrin əvvəlinə nisbətən 5,5 dəfə çox—105 min desyatin (114,5 min hektar) sahədə pambıq əkilib və 5 milyon puddan  (82 min tondan) artıq məhsul götürülüb.

20-ci əsrin əvvəllərində məşhur rus fotoqrafı Prokudin-Qorski Azərbaycanın bəzi yerlərində, o cümlədən Muğan düzündə olub. Onun “Muğan düzü” fotoalbomuna Kür və Araz çayları, pambıq əkilmiş sahələr, emal zavodları daxil edilib.

Tarixçi Rabil Şirəliyev hesab edir ki, çarizmin bu iqtisadi siyasətinin arxasında daha çox müstəmləkəçilik maraqları dayanırdı: “O dövrdə pambıq “müstəmləkə bitkisi” hesab olunurdu. İngilislər şallaqla döyə-döyə hindlilərə pambıq əkdirirdilər. Çarizm siyasətinin həyata keçməyində pambıqçılığın gəlirli sahə olmağı da başlıca rol oynayıb. O zaman xam pambığın qiyməti buğdadan 12, arpadan 17, çəltikdən 7 dəfə baha idi.”

Sənaye müəssisələrinin yaranma səbəbi

Pambıq istehsalının artmağı Azərbaycanda sənaye müəssisələrinin yaranmağına da səbəb olub. İlkin vaxtlarda xam pambığın emalı üçün buxar və neftlə işləyən mühərriklərin gücü ilə hərəkətə gətirilən maşınlar tətbiq edilib. 1912-ci ildə Yelizavetpol quberniyasında 28, Bakı quberniyasında 22, Naxçıvan qəzasında 51 pambıqtəmizləmə zavodu yaranıb. Bu müəssisələrdə 1000 nəfərdən artıq fəhlə işləyib. 19-cu əsrin sonlarında məşhur azərbaycanlı iş adamı Hacı Zeynalbdin Tağıyev də neft mədənlərini sataraq bu sahəyə böyük həcmdə sərmayə qoyub.

1910-1913-cü illərdə Azərbaycanda mahlıcın orta illik istehsalı 2 milyon puddan (32,8 min tondan) çox olub. Mahlıc, başlıca olaraq,  Moskvanın,  Polşanın və Riqanın toxuculuq fabriklərinə göndərilib.

Lakin yaradılan bütün sənaye müəssisələri pambığın ilkin emalını həyata keçirərək onu xammal şəklində xaricə satırdı. Rabil Şirəliyev bunun səbəbini belə izah edir: “Müstəmləkəçilər öz müstəmləkələrinə ucuz işçi qüvvəsi və bahalı satış bazarı kimi baxıb. Çarizm Azərbaycanda geniş sahələrdə pambıq əkdirsə də, burada ilkin emal müəssisələri qurdurub. Son məhsul müstəmləkədə istehsal oluna bilməzdi”

Lakin Rusiya imperiyasının bu siyasətini Hacı Zeynalabdin Tağıyev qismən dəyişməyə nail olub. Onun “Lifli cismlərin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti” 1901-ci ildə Bakının Zığ kəndində toxuculuq fabriki açır. Bu, Qafqazda ilk və ən iri pambıq-parça toxuma müəssisəsi idi. Xammala olan ehtiyacın ödənilməsi üçün cəmiyyətin qəzalarda geniş əkin sahələri və bir neçə zavodu vardı. Fabrikdə ilk zamanlar 969 nəfər, 1912-ci ildə isə 1400 nəfərdən artıq fəhlə işləyib.

Lakin müəssisəyə yalnız bez istehsal etmək icazəsi verilib. Fabrik ildə orta hesabla 2 milyon manatlıq məhsul istehsal edib. Birinci dünya müharibəsi illərində əsasən hərbi sifarişləri yerinə yetirib. Təkcə 1915-ci ildə burada istehsal edilmiş 4 milyon metr bez və 300 milyon metr parusin cəbhənin ehtiyacları üçün göndərilib.

Zorakı kollektivləşmə

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri torpaqsız, hüquqsuz qoyub.

Hüquqşünas Vazeh Zahidov həmin dövrü belə xarakterizə edir: “SSRİ-də və onun bir parçası olaraq Azərbaycanda XX əsrin 30-cu illərindən etibarən kəndlərdə aprılmış zorakı kollektivləşdirmə siyasəti nəticəsində kolxoz və sovxozlar yaradıldı. Qolçomaq damğası vurulmuş varlı kəndliləri çıxmaq şərti ilə bütün kəndlilər onun tərkibinə məcburi şəkildə daxil edildi. Kolxoz yaratmaq üçün kəndlinin torpaqları, mal-qarası, bütün digər əmlakı tam həcmdə alınıb kolxozun mülkiyyətinə verildi”.

Kollektiv təsərrüfatların yaranması nəticəsində 1937-ci ildə Azərbaycanda pambıq istehsalı əvvəlki illərdən 3 dəfədən də çox artaraq 207 300 tona çatır.

Azərbaycan, keçmiş SSRİ-nin 2-ci ən böyük pambıq bazasına çevrilir. Amma pambıq yetişdirən Azərbaycan kəndliləri hətta 60-cı illərdə də yoxsul vəziyyətdə olub.

İmişli rayonunun Qaralar kəndində yaşayan, o dövrdə tarlaçılıq briqadiri işləmiş Ərzulla Mirzəyevhəmin illəri belə xatırlayır: “Hər iş gününə 20 qəpik pul bölərdilər. Çoxu da borclu qalırdı kolxoza. Minimal ehtiyaclarını ödəmək üçün kolxozçular ilin əvvəlindən avans alıb xərcləyirdilər, kolxoz planı doldurmayanda qalırdılar borclu”.

Ərzulla Mirzəyev

Tarixçi Zakir Nadirzadə kəndlilərin hüquqsuzluğuna diqqət çəkir: “1953-cü ilədək Azərbaycanda, bəlkə də bir az boyağı çıxacaq, elə bil ki, təhkimçilik hüququ idi. Kəndlilərin bir kənddən başqa bir kəndə köçüb getmələrinə icazə verilmirdi. Onların pasportu belə olmayıb”.

Sovetlərdə pambıqçılığa cəbhə kimi yanaşılırdı. Sabirabadda nəşr olunan yerli qəzet “Pambıq cəbhəsində” adlanırdı.  İmişlidə nəşr olunan “Qızıl ulduz” qəzetində isə “Pambıq yığımı zərbəçi cəbhədir”, “Pambıq tarlası hünər meydanıdır” rubrikaları altında tarla reportajları, statistik məlumatlar təqdim olunurdu.

“Qızıl ulduz” qəzetinin mətbəə briqadiri olmuş Mültizam Behbudov xatırlayır ki, yığım mövsümü dövründə onların iş vaxtı səhər açılmamış başlayır və gecə keçəndə bitirdi: “Camaat səhər açılmamış çörək dalınca yox, mətbəəyə bülleten dalınca gəlirdi. Son statistik məlumatı əldə etməkdən ötrü hətta gecə saat 4-dən mətbəənin qarşısında gözləyənlər olurdu”.

Əzizbəyov adına kolxozun sürət ustası olmuş Validə Həmidova 40 il əvvəl şəkli dərc olunan qəzeti hələ də qoruyub saxlayıb.  Soruşuruq ki, doğrudanmı o, bir mövsümdə təkbaşına 8 ton pambıq toplaya bilib? Qadın qətiyyətlə bildirir: “Əlbəttə yığmışam. Mən 160 kilo pambıq yığanda, deyirdim, bu gün çox zəif işləmişəm”.

Tarlada böyüyən uşaqlar

Ərzulla Mirzəyev ağır iş şəraitindən danışır: “45-50 dərəcə istidə qızlara alaq elətdirirdim. Pambıq batmasın deyə, məhsul götürmək üçün canımızdan, qanımızdan keçirdik. Briqadamda 25-30 nəfər uşaqlı qadın vardı. Onlara tarlada baxmaq üçün bir nəfər ayırmışdım. Qadınlar uşaqlarının üstünə fərqli paltar-parça sərirdilər. Hansı uşaq ağlasa, onun üstündəki örtük bayraq kimi havaya qaldırılırdı. Uzaqdan bilinirdi ki, kimin uşağı durub. O  qadın da gedib uşağını əmizdirib, rahatlayıb, qayıdırdı…”

“Qızıl ulduz” qəzetinin fotomüxbiri olmuş Tərlan Xankişiyev də pambıq tarlasında böyüdüyünü deyir: “Üç yaşım olanda anam məni sahəyə aparıb, işlədiyi vaxt pambıq kolunun altında yatırdıb.  Tapa bilsin deyə kolun üstünə pambıq lopası da qoyurmuş. Külək əsib o lopanı yerə atanda, bütün sahəni ələk-vələk eləyib güclə məni tapırmış…

Pambıqçılıq rayonlarında yığıma rayonun bütün idarə, müəssisə və təşkilatlarının işçiləri, hətta məktəblilər də cəlb olunurdu. Bundan əlavə, Bakıdakı əksər ali məktəblər bağlanır, tələbələr rayonlara pambıq yığmağa göndərilirdi.

İşləyən kişinin arvadı pambıq yığmalı idi

Saatlı şəhərində yaşayan təqaüdçü Roza Alışova keçmiş  “Raykom” işçisi olub. O da mövsüm dövrünü tarlada keçirdiyini deyir:“Bizim nə şənbə, nə bazar, nə də bayram günümüz vardı. Səhər tezdən çıxırdıq işə, elə vaxt olurdu gecə saat 2-də, 3-də evə qayıdırdıq. Mən o dövrdə vəzifəli şəxslərin qadınlarını pambıq yığımına aparırdımRaykom”da, idarə və müəssisələrdə nə qədər kişi işləyirdisə, birinin arvadı evdə qala bilməzdi”.

Saatlıdakı tarix-diyarşünaslıq muzeyinin direktoru Sürəyya Zeynalova bildirir ki, mədəniyyət işçiləri də bu işə cəlb edilib:“Rəssam olduğumdan mənə tarla düşərgələrini bəzətdirirdilər. Kolxozçuların həyatından təsvirlər, tablolar işləyirdik. Qırmızı parça üzərinə şüarlar yazdırıb, onu inzibati binaların qarşısına vururdular”.

Şişirdilmiş rəqəmlər

1954-cü il istisna olmaqla, 1971-ci ilədək Azərbaycanda istehsal olunan xam pambıq 400 min tondan, 1 hektara düşən orta məhsuldarlıq isə 20 sentnerdən az olub. 1978-ci ildən başlayaraq həm istehsal, həm də məhsuldarlıqla bağlı göstəricilər sıçrayışla artmağa başlayıb.  Dövlət Statistika Komitəsinin məlumatına görə, 1981-ci ildə Azərbaycanda 1 milyon tondan artıq pambıq istehsal edilib, 1 hektarın orta məhsuldarlığı 36 sentnerə çatıb.

O zaman respublika prokuroru olmuş Qambay Məmmədov pambıq və üzüm tədarükü ilə bağlı rəqəmlərin süni yolla şişirdildiyini bəyan etmişdi. Hüquqşünas Vidadi Mirkamal da bu fikirdədir: “Azərbaycanda 340 min tondan o tərəfə pambıq ola bilməzdi. Göstəricilər təqribən üç dəfə şişirdilib”. O qeyd edir ki, durğunluq illərində “pripiska” keçmiş SSRİ-də əksər sahələrdə olub:  “Bu cinayətdə bütöv SSRİ iştirak edib. Özbəkistanda geniş miqyasda bunun üstünü aça bildilər, kütləvi həbslər oldu.Azərbaycanda pripiskanın həcmi heç də Özbəkistandan az deyildi”.

Vahid Məhərrəmov

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov sovet dövründə pambıqçılığın ətraf mühitə ciddi zərər vurduğunu deyir: “Pambıq əkiləndə zəhərli kimyəvi maddələrdən, hətta bəzi ölkələrdə qadağan edilmiş pestisidlərdən elə aşırı istifadə edilib ki, insan orqanizmi, ətraf mühit üçün hələ uzun müddət onun zərərli təsiri olacaq. Torpaqda olan mikroorqanizmlər, demək olar ki, tükənib. Bax bu gün məhsuldarlığın aşağı olma səbəbini bunda axtarmaq lazımdır”.

Tarixçi Zakir Nadirzadə isə sovet dönəminin pambığını “ağ ölüm” adlandırır: “Bu gün bu ifadə narkotik vasitələrlə bağlı işlədilir. Amma deyim ki, o vasitələr insanları, cəmiyyəti nə qədər məhv eləyirsə, sovet dövründə pambıqçılığın, deməzdim ki, o dərəcədə, hər halda çox ağır nəticələri olub”.

(P.S. Mətndə istifadə olunmuş tarixi məlumatlara və şəkillərə görə Saatlı rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşlarına təşəkkür edirik)

Paylaş
Burada sizin reklamınız ola bilər