İranda etirazlar davam edir: Həmədanda “Bəsic”in bazası yandırılıb – İCMAL
İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib.
“Qərb Xəbər” xəbər verir ki, etirazlarda “İnflyasiya və bahalıq xalqın canını alıb”, “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Xamenei qatildir, rəhbərliyi batildir” və digər şüarlar səsləndirilib. İranda fəallar xalqı üç günlük etiraz aksiyalarına qatılmağa çağırıb. Bu səbəbdən gecə saatlarında yüzlərlə insan İranın küçələrinə çıxıb. Hökumət mitinqlərdən görüntülərin yayılmasının qarşısını almaq üçün interneti kəsib. Etirazçılar Tehran metrosunun “İnqilab” stansiyasının önündə “Diktatora ölüm” və “Siyasi məhbuslar azad edilməlidir” şüarları səsləndirib və hökumətə qarşı aksiya keçirib. Neft şəhərciyində əhali etiraz məqsədilə küçələrdə tonqallar yandıraraq barrikadalar qurub.
İranın Qum şəhərində Qasım Süleymaninin şəkli yandırılıb. Həmədanda xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazası yandırılıb. Buşehr şəhərində etirazçı gənclər elmi-dini hövzənin binasına, İsfahan vilayətinin Qolpayeqan şəhərində etirazçılar radikal və yarımhərbi “Bəsic” qüvvələrinə məxsus qərargaha “Molotov kokteyl”ləri ilə od vurublar. Şərqi Azərbaycan əyalətinin Ekologiya Baş İdarəsinin sözçüsü deyib ki, Təbriz şəhərinin havasında çirkləndirici maddələrin konsentrasiyası artıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fransanın ölkəsinin daxili işlərinə qarışmasını qəbuledilməz hesab edib. CNN-in məlumatında bildirilib ki, “İran hökuməti həbs edilənlərin sosial media hesablarına girişi əldə edir. Oğurlanmış şəxsi məlumatlar isə ittiham olunanlara qarşı dəlil kimi istifadə olunur”.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ukrayna müharibəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin verilməsi iddiasını təkrarlayıb və bu hərəkətin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu bildirib. BMT Katibliyi İranın Rusiyaya hücum dronları tədarükü ilə bağlı məlumatları yoxlayacaq.




