Asif Nərimanlı: Ermənistan danışıqlar prosesini uzatmağa çalışır
“Sonuncu Brussel görüşündə Ermənistanın diplomatik manevr imkanları tükəndi. Xüsusilə də sərhəd məsələsində”. Bu sözləri “Qərb Xəbər“ə açıqlamasında politoloq Asif Nərimanlı bildirib.
“Ermənistan Zəngəzur dəhlizində gömrük postunun qurulmasını istəyir. Amma, 10 noyabr razılaşmasındakı maddələr Ermənistana sərf etmir. Bunun üçün Qərbin proseslərə qoşulmağını istəyirdi. Buna görə də Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları arxa plana keçirmək lazım idi. Daha sonra isə Qərbin bölgəyə müdaxiləsinə şərait yaratmalı idi. Müharibədən sonra bölgədən uzaq düşmüş ABŞ və Fransa fürsət gözləyirdilər ki, bölgəyə daxil olsunlar. Ermənistanın diplomatik manevr gücü bitdiyinə görə sərhəddə təxribata əl atdı. Təbii, Qərbin verdiyi reaksiyadan görünür ki, bu proses əvvəlcədən hazırlanmış proses idi. ABŞ və Fransa Cənubi Qafqaza bu yolla qayıtmaq istəyirdi”.
Politoloq qeyd edib ki, ABŞ və Fransanın C. Qafqazda güclənməsi məsələsinə gəlincə isə, Azərbaycan cəmiyyətində bəzən Qərbdən gələn hər şey müsbət qarşılanır. Amma, fikrimcə bu heç də elə deyil.
“Biz Zəngəzur dəhlizinı açılmasını və sərhədlərin də 1920-ci illər xəritəsi əsasında bərpasını istəyirik. Bu prosesdə bu məsələlərə nail olmaq yalnız Rusiyanın vasitəsilə əldə edilmiş razılaşmalar çərçivəsində mümkündür.
Azərbaycan tərəfi bütün danışıqlar formatına açıqdır. Lakin Azərbaycanın gündəliyi var. Hansı ki, o şərtlər daxilində danışıqlara açıqdır. İndiki situasiya ABŞ-da təşkil edilmiş görüşdə Bakının əsas hədəfi öz gündəliyini izah etməkdir və mövqeyini ortaya qoymaqdır”.
A. Nərimanlı əlavə edib ki, Qərbin prosesdə iştirak etməyi bizə o yerdə sərf edər ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda danışıqlar aparsın. Bu ona görə sərf edir ki, Rusiya faktoru aradan çıxır və iki ölkə daha sərbəst danışıqlar aparır.
“Həmçinin, belə olan halda Rusiyanın Qarabağda təsir imkanları zəifləyə bilər. Avropa belə bir təklif irəli sürdü və iki ölkə arasında təmaslar da oldu. Lakin, nəticə əldə olunmadı. Ermənistan həmin vaxt Rusiyaya meyilləndi, indi isə Qərbə meyillənir. Prosesi uzatmağa çalışır. Bölgədə çox qarışıq vəziyyət yaranıb.
Burada Qərbin bizə verdiyi təkliflərin müsbət və mənfi tərəfləri var, Rusiyanın da təkliflərində müsbət və mənfi tərəfləri var”.
Rahib İsgəndərli



