Rusiyanın Ukraynanın 4 vilayətində keçirdiyi referendum tamamilə qeyri-qanunidir – Politoloq
Ukraynanın işğal olunmuş ərazilərindəki işğalçı hakimiyyət qondarma “referendumların” nəticələrini açıqlayıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, səslərin hesablanması nəticəsində məlum olub ki, Donetsk vilayətində “seçicilərin” 99,23 faizi, Luqanskda 98,42 faizi, Zaporojyada 93,11 faizi, Xersonda isə 87,05 faizi Rusiyaya birləşməyi dəstəkləyiblər.
Xatırladırıq ki, Ukraynanın dörd regionunda – Donetsk, Luqansk, Zaporojye və Xersonda qondarma “referendum” keçirilib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Oktay Qasımlı bildirib ki, Rusiyanın Ukraynanın 4 vilayətində keçirdiyi referendum tamamilə qeyri-qanuni ve qeyri-legitim bir referendumdur. Bunun nəticələrini dünya dövlətləri tanımayacaq.

“Bu beynəlxalq hüququn və zor gücünə bir ölkənin ərazi bütövlüyünün pozulmasıdır. Rusiyanın referendum keçirməkdə məqsədi işğalçı siyasətinə hüquqi don geydirmək və məğlub olduğu savaşda özünü qalib kimi göstərməkdir. Eyni zamanda bu addım öz xalqını sakitləşdirmək üçün də atılmış addımdır”.
“Bundan sonra Rusiya prezidenti 4 vilayətdə keçirilən saxta referendumun nəticələrini tanıyacaq. Həmin əraziləri Rusiya ərazisi elan edəcək, yəni öz ərazisinə ilhaq edəcək.
Rusiya 4 vilayəti qeyri-qanuni şəkildə öz ərazisi elan etdikdən sonra Ukraynanın ərazilərin azad edilməsi əməliyyatlarını da işğal kimi qiymətləndirəcək. Rusiyanın planı Ukraynanı işğalçı kimi göstərməkdir. Bundan sonra isə Ukraynanı öz nüvə silahından istifadə ilə şantaj edəcək” – deyə Oktay Qasımlı qeyd edib.
Politoloq əlavə edib ki, 1916-cı il Rusiyasında həyata keçirilən səfərbərliklə bu günkü Rusiyanın müqayisə edilməsi məsələsinə gəlincə isə, əlbətdə, tarix hər zaman eyni şəkildə təkrar oluna bilməz. Amma, bir formada təkrar olunur. Bu gün Rusiyada baş verənlər Rusiya dövlət quruluşu və rus cəmiyyəti haqqında ətraflı təsəvvür yaradır. Rusiya cəmiyyəti müharibəyə görə hakimiyyətdən narazıdır. Bu savaş nəticəsində Rusiyaya tətbiq olunan sanksiyalar iqtisadiyyatlarına və həyat səviyyələrinə kifayət qedər təsir edib.
Əgər proseslər bu formada davam edərsə Rusiyada iç qarışıqlıq arta bilər. Bu da hakimiyyətdə dəyişikliyə gətirib çıxara bilər.
Rahib İsgəndərli
Qərb Xəbər

