“Səfirliyə hücum olunması Azərbaycan dövlətinə qarşı yönəlmiş terrordur” – Politoloq
4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.
Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Qeyd edək ki, səfirliyə hücum edən qrup Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları olub. Onun rəhbərlik etdiyi “Mehdinin Xidmətçiləri” təşkilatı bu hücumu reallaşdırıb. Küveyt əsilli radikal görüşlü din xadimi Yasir əl-Həbib (tam adı Yasir Yəhya Abdullah əl-Həbib – K.R.) İslam ölkələrində qalmaqallı və təfriqə salan şəxs kimi qəbul olunur.
Məsələni ‘Qərb Xəbər’ə şərh edən politoloq Oktay Qasımlı bildirdi ki, səfirliyə hücum olunması və ələ keçirməyə cəhd birmənalı şəkildə qəbul olunacaq hal deyil.
“Bu bir terror hadisəsidir. Azərbaycan dövlətinə qarşı yönəlmiş bir təxribatdır. Bu hadisənin arxasında duran qüvvələr müəyyən olunmalıdır. Çünki, İrana yaxın sayılan və əl-Həbib təşkilatı adlanan bu qüvvə İranın dini liderinə qarşı da çıxış edib. Bu qruplaşma İrandakı Şirazi xəttini dəstəkləməkdədir. Sözü gedən bu təşkilat 2018-ci ildə İran səfirliyinə qarşı da aksiya keçirmişdi. Eyni zamanda qruplaşmanın liderinin Şirazi ailəsi ilə də qohum oluğu bildirilir.
Bu gün də Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın ölkəmizdəki diplomatik nümayəndəsini dəvət edib. Təbii ki, Azərbaycan bu hadisəyə öz münasibətini bildirəcək. Çünki, səfirliyin mühavizəsi Böyük Britaniya hökümətinin məhsuliyyətindədir”.
Oktay Qasımlı əlavə edib ki, bu məsələ ilə bağlı verilən məlumatlara görə Britaniya polisi bir qrup şəxsi saxlayıb.
“Araşdırmalar getməkdədir. Hər halda indidən bir şey demək asan deyil. Bunun arxasında hansı qüvvə dayanıb, məqsəd nədən ibarət olub. Bütün bunlar aparılan araşdırmalardan sonra üzə çıxacaqdır. Azərbaycan dövlətinə, Azərbaycan səfirliyinin əməkdaşlarının həyatlarını təhlükə atan bu məsələ ciddi araşdırılmalıdır”
“Bu işin təşkilatçıları və iştirakçıları ciddi şəkildə cəzalandırılmalıdır” – deyə politoloq bildirib.
Rahib İsgəndərli
Qərb Xəbər




