Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Nukusa uçub.
Dövlət başçısı ötən gün kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaq Respublikasının paytaxtında olub və gecə saatlarında qayıdıb.
Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.
“Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib”, – o qeyd edib.
Özbəkistandakı hazırki vəziyyətlə bağlı Özbəkistanda yaşayan həmyerlimiz Firuz Cəfərov “Qərb Xəbər”ə danışıb. O bildirib ki, Özbəkistan konstitusiyasına dəyişikliklə bağlı müzakirələr 2 ay idi davam edirdi.
“Bu müddətdə internet üzərindən əhalinin bütün təbəqələrinə müraciət olunmuşdu. Bu dəyişikliklərlə bağlı fikirlərini, təkliflərini və iradlarını bildirsinlər deyə. Hətta, vətəndaşların telefonlarına fəal iştirak etmək üçün sms-lər göndərilirdi. Nəhayət, sonda təkliflərin ümumiləşdirilmiş şəkli, təqdim olunan yeni konstitusiya variyantı respublikada mövcud olan kütləvi informasiya vasitələrində çap olundu. Əhaliyə bu məsələ ilə bağlı iradlarını, etirazlarını və düzəlişlərini etmək üçün əlavə 10 gün vaxt verildi. Bu vaxtın 6-cı günündə Qaraqalpağın Nukus şəhərində bütün dünyanın bildiyi hadisələr baş verdi. Kütləvi etiraz aksiyaları başladı. Bu etirazlara əsas səbəb kimi yeni konstitusiyada Qaraqalpağın hüquqi, siyasi statusu məsələsində dəyişikliyin nəzərdə tutulması göstərildi. Belə ki, mövcud konstitusiyaya görə Qaraqalpaqıstan suveren dövlətdir və istənilən vaxt Özbəkistanın tərkibindən çıxa bilər. Yeni təklif olunan konstitusiya dəyişikliyində isə bu maddə ləğv olunur. Özbəkistanın unitar dövlət kimi görmək arzusu dilə gətirilir. Əslində bu təkliflə Qaraqalpaqıstan parlamenti çıxış etdi. Qaraqalpaqıstan parlamenti bu maddələrin dəyişdirilməsi və Özbəkistanın unitar dövlət olmasını gündəmə gətirdi. Əslində bu təklif nəbz tutma təklifi də ola bilərdi. Həmin ərəfədə Qaraqalpaqıstanda ciddi bir tərpəniş hiss olunmurdu. Lakin, son vaxt birdən-birə bu hadisələrin kəskin şəkildə başlaması ,hətta hökümət qüvvələri və etirazçılar arasında qarşıdurma yaranması bu hadisənin idarə olunan olduğuna işarə edir. Qaraqalpaqlar etnik baxından özbəklərdən daha çox qazaxlara və qırğızlara yaxındır. Bununla belə mövcud olduğu dövrdə müəyyən qısqanclıq məsələrini nəzərə almasaq, özbəklər və qaraqalpaqlar arasında heç vaxt ciddi münaqişə olmayıb. Bu mərhələdə bu hadisələrin baş verməsi bütün Orta Asiya məsələsi hesab oluna bilər. Belə ki, Özbəkistan iqtisadi baxımdan Orta Asiyanın ən öndə gedən respublikasıdır. Digər Orta Asiya ölkələrindən daha çox müstəqil siyasət yürütməyə meyillidir”.
F.Cəfərov həmçinin qeyd etdi ki, mən hesab edirəm, bu Rusiya ilə bağlı məsələdir.
“Özbəkistan artıq bu məsələlərdə xarici izin olduğuna dair mesajlar verməyə başlayıb. Qaraqalpaqıstanla bağlı 2 variant var. Qaraqalpaqıstan parlament səviyyəsində növbəti müstəqil olmaq məsələsini qabardaraq rus hərbiçilərini Qaraqalpaqıstana yerləşdirməyə cəht edə bilər . Yaxud, bu məsələdən istifadə edərək Özbəkistan hakimiyyətinə təzyiq göstərərək, onu öz tərəfinə çəkməyə cəht edə bilər. Bütün hallarda Özbəkistanda baş verəcək qarışıqlıq Qazaxıstandan fəqli ola bilər. Çünki, qazax xalqı daha çox Rusiyaya qarşı dirəniş göstərən xalq idi. Amma Özbəkistanda bu fərqlidi. Xalqın mövqeyi hakimiyyətin mövqeyi ilə üst-üstə düşmür. Belə ki, özbək əhalisinin 30 faizi Rusiya meyillidir.
Onu da bildirim ki, Ş.Mirziyoyev Nukusda itkilərin olduğunu təsdiqlədi. Ölənlərin sayı ilə bağlı dəqiq məlumat verilmir”.
Rahib İsgəndərli