Sosial

Azərbaycanda sümük iliyi ilə bağlı donor bankı yaradıla bilər – Nərgiz Əliyeva açıqladı

15 mart / 15:47 3 dəq
Hematoloq Nərgiz Əliyeva
15 mart / 15:47
Burada sizin reklamınız ola bilər

Azərbaycanda sümük iliyi köçürülməsi ilə bağlı 117 nəfər növbə gözləyir.

 

“Qərb Xəbər” məlumat verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin pasiyentlər donoru olan şəxslərdir: “İl ərzində təxminən 30 xəstə əməliyyat edilə bilər”.

N.Əliyeva əlavə edib ki, ölkə üzrə 3500 talassemiya xəstəsi qeydiyyatdadır:

“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Həmin pasiyentlərdə sümük iliyi tam tutub. Mərkəzimizdə müalicə alan pasiyentlərin yaş həddi 3-19 yaş arasında dəyişir. Ölkədə donor bankının yaradılması ilə bağlı aidiyyəti üzrə müraciət olunub”.

Nərgiz Əliyeva vurğulayıb ki, köçürülmüş kök hüceyrələr təxminən 3 həftə ərzində yeni sümük iliyinin fəaliyyətinə başlanğıc verir: Bu müddət ərzində xəstəyə qan məhsulları (eritrosit, trombosit kütlələri, yeni dondurulmuş plazma) və antibakterial, antiviral, antifunqal müalicələri aparılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova isə bildirib ki, istər əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar (kimyaterapiya üçün), istərsə də kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar xəstələrə ödənişsiz verilir.

Qeyd edək ki, talassemiya irsi qan xəstəliyidir. Xəstəlik, qırmızı qan hüceyrələrindəki hemoqlobinin sintezinin pozulması ilə əlaqədardır. Talassemiya daşıyıcısı olan insanların demək olar ki, xüsusi şikayətləri olmur. Talassemiya daşıyıcısı olduqlarını da çox vaxt təsadüfən, başqa problemlə bağlı müayinə zamanı qan analizi nəticəsində öyrənirlər. Valideynlərdən sadəcə biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabərdir. Lakin, ata və ananın hər ikisi talassemiya daşıyıcısı olduqda, onların övladı 25% ehtimalla tamamilə sağlam, 50% ehtimalla talassemiya daşıyıcısı, 25% ehtimalla isə talassemiya xəstəsi olaraq dünyaya gəlir.

Paylaş
Burada sizin reklamınız ola bilər