Şəhidlərin xatirəsini yaşadan Şəhid bulaqları / Elməddin Nəsibov – Video
Bütün dünyaya səs salan Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən keşikçilərimiz qəhrəmanlıq salnaməsi yaratdılar, öz canları, qanları bahasına.
Bu gün Azərbaycanın elə bölgəsi yoxdur ki, orada şəhid bulağına rast gəlməyəsən. Xüsusilə, şəhid yaxınlarının qürur duyduğu bu abidələr yoldan ötənlərin susuzluğunu söndürməklə kifayətlənmir, həm də hər daim onlara Vətənpərvərlik, cəsarət duyğusunu aşılayır. Belə bulaqlardan biri də, Qazax rayonunun Ağköynək kəndində inşa olunub. Yaxınlarının dediyinə görə, qəhrəmancasına şəhid olan Nəsibov Elməddin Yusif oğlu tək hərbçi kimi deyil, bir Vətən oğlu, bir gənc olaraq gələcək nəsillərə nümunədir.
Elməddin Nəsibov 1983-cü il avqustun 8-də Qazaxın Ağköynək kəndində anadan olub. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Ailəli idi. 2 qız övladı yadigar qaldı.
Azərbaycan Ordusunun çavuşu – şəhid Elməddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Nəsibov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. O, doğulduğu kənddə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə, şəhid Elməddin Nəsibov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Aymirə İsmayılqızı, Röyal İslam




