COVİD-19: Bizi dövlət qorumalıdır, yoxsa özümüz?
Azərbaycan vətəndaşlarının koronavirus (Covid-19) epidemiyasına münasibətini, dövlətin koronavirus epidemiyasının qarşısının alınması istiqamətində gördüyü işlər barədə məlumatlılığını öyrənmək üçün Qazax Regional İnkişaf Resurları İctimai Birliyi və Qərb Xəbər (qerbxeber.com) saytı tərəfindən sorğu keçirilib.
248 nəfərin iştirak etdiyi 2 həftəlik sorğunun nəticələri aşağıdakı kimidir:
İştirakçılar haqda ümumi məlumat verməli olsaq;


Sorğu 10 sualdan ibarətdir.
Suallara əsasən, məlum oldu ki, sorğu iştirakçıları arasında COVİD-19 haqqında məlumatlılıq 22% əla (47 nəfər), 44% yaxşı (94 nəfər), 29% orta (64 nəfər), 4% az (9 nəfər), 1% çox az (3 nəfər) nisbətindədir.
Sorğunun ikinci sualının göstəricilərindən isə aydın oldu ki, iştirakçılar könüllü məsuliyyəti (70% 151 nəfər), dövlətin məcburi qaydalarından (30% 69 nəfər) üstün tutur. Demək ki, cəmiyyət məcburi idarə olunmaq istəmir. Və bu azadlıq, könüllülük və özünüdərkin cəmiyyətimizdən elə də uzaqlaşmadığını göstərir.
Sanitar-gigiyena və könüllü izolyasiya ilə əlaqəli iki sualın nəticələri isə onu göstərdi ki, sorğu iştirakçılarının çoxu sanitar-gigiyena (40% əla, 42% yaxşı, 1% çox pis, 0% pis) və karantin qaydalarını (41% əla, 39% yaxşı, 15% orta, 2% çox pis, 3% pis) önəmsəyib, mükəmməl olmasa da, yaxşı şəkildə əməl edib. Dövlətin maarifləndirmə səviyyəsini və bu nəticənin sırf könüllülük əsasında olduğunu nəzərə alsaq, buradakı “yaxşı” göstəricisini mükəmməl olaraq qəbul edə bilərik.
Sorğu iştirakçılarının fövqəladə vəziyyətin tətbiqinə münasibəti müsbət olsa da (21% əla, 33% yaxşı, 19% orta, 15% çox pis, 10% pis), səhiyyəylə bağlı sualda tam əksini görürük (27% çox pis, 22% pis, 31% orta, 14% yaxşı, 7% əla).
Növbəti sualın mahiyyəti fövqəladə hal vəziyyətində dövlətin atdığı addımlardan bəzilərinin insanlar tərəfindən necə qarşılandığını aydınlaşdırmaqdan ibarətdir. Sualın əhatə etdiyi 4 mövzu var:
1) Təhsil müəssisələrinin bağlanması – münasibət müsbət olub (47% əla, 38% yaxşı, 15% orta, 5% çox pis, 3% pis);
2) İctimai-iaşə obyektlərinin bağlanılması – münasibət müsbət olub (36% əla, 38% yaxşı, 11%orta, 9% pis, 6% çox pis);
3) Vətəndaşlara (sahibkarlar, işçi və işsizlər) maddi yardım – münasibət müsbət və mənfi olaraq tarazlıq təşkil edir (31% əla, 18% yaxşı, 18% orta, 20% çox pis, 13% pis);
4) Məcburi karantin rejimi və vacib olmadan evdən çıxmağın qadağan edilməsi – münasibət müsbət olub (37% əla, 29% yaxşı, 17% orta, 9% çox pis, 7% pis).
Açıq sualda sorğu iştirakçıları sualın şərtinə əsaslanaraq, epidemiyanın qarşısının alınması üçün təkliflərini yazıblar. Təkliflər çoxşaxəlidir. Təkliflər Yeni tibb müəssisələrinin yaradılması, tibbi sığortanın və ümumilikdə səhiyyənin təkmilləşdirilməsi, insanlara pulsuz psixoloji yardımın olunması, karantin rejiminin uzadılması, dezinfeksiyanın gücləndirilməsi, virusa yoluxmuş şəxslərin kimliyinin açıqlanması, pandemiya ilə əlaqəli cəmiyyətin daha güclü maarifləndirilməsi, insanların dövlətin qanunlarına daha ciddi yanaşması, qaydaları pozanların cəzalandırılması, dövlətin mövcud qanunları sərtləşdirməsi, edilən ərzaq və pul yardımlarının daha əhatəli olması, yardımların şəffaf olması üçün insanların sosial problemlərini öyrənəcək səlahiyyətli qrupların yaradılması, maska, spirt və digər tibbi ləvazimatların əhaliyə pulsuz paylanılması, kommunal xərclərin bir neçə ay alınmaması, kredit borclarının dövlət tərəfindən bağışlanılması, insanların gigiyena və karantin qanunlarına daha ciddi yanaşması, ölkədəki elm adamlarının ciddi müzakirə və araşdırmalar aparması kimi fikirlərdən ibarətdir və azlıq təşkil etməklə bir neçə nəfər (2 nəfər) pandemiyanın ümumiyyətlə mövcud olmadığı, bir nəfər isə hökumətin atdığı bütün addımların mükəmməl olduğu qənaətindədir. Sualın qoyulmasında əsas məqsəd təklifləri öyrənmək olsa da, cavabların məzmunu özündə yalnız təklifi deyil, eyni zamanda şikayətləri, narazılıqları da ehtiva edir. Cavabların məzmunundan nəticə çıxarmalı olsaq:
-Azərbaycan səhiyyəsi bu tip təhlükələrə qarşı mübarizə apara biləcək gücdə deyil. Hətta ümumiyyətlə zəifdir. Sorğunun sırf səhiyyə ilə bağlı olan sualının nəticəsi də (27% çox pis, 22% pis, 31% orta, 27% çox pis, 22% pis) bunu deməyə əsas verir. Bəlkə də bu sorğu pandemiya ilə əlaqədar deyil, ümumilikdə səhiyyə ilə bağlı olsaydı, tam olaraq bu qənaətə gəlmək düzgün olmazdı, ancaq nəzərə alınmalıdır ki, pandemiya da eyni ilə müharibə, təbii fəlakət və s. kimi fövqəladə haldır və belə hallarda dövlətin bütün strukturlarının gerçək gücü, potensialı ortaya çıxır
-Pandemiya müddətində sosial maarifləndirmə yetərincə düzgün və əhatəli şəkildə təşkil olmayıb. Bu mediada da aydın şəkildə özünü biruzə verdi. Örnək olaraq istər radio, istər televiziyalarda “pandemiyadan qorunmaq” adına təklif edilənlərin geniş əksəriyyətinin Ümumdünya Səhiyyə Təşkilatının təklif etdikləri ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Pandemiya ilə əlaqəli maarifləndirmənin zəifliyi, Azərbaycanda ümumiyyətlə maarifləndirmənin zəif olmasına dəlalət edir. Maarifləndirmə niyə zəifdir? Bunun cavabını tapmaq üçün təhsil sisteminə nəzər yetirmək kifayətdir.
-Pandemiya müddətində yardımlar yetərincə şəffaf və əhatəli şəkildə təşkil olunmayıb. Cavablardan aydın olur ki, 190 manat bir nəfərin dolanması üçün heç də yetərli deyil. Nəzərə almalıyıq ki, bu yardım məbləği, geniş əksəriyyət olmaqla ailənin hər fərdinə düşmədi. Sual etməliyik: 190 manat bir ailənin bir aylıq ehtiyaclarını nə dərəcədə ödəyə bilər? Cavab aydındır. Yardımların şəffaf və əhatəli olmamasında səbəb nə ola bilər? İqtisadiyyatımızın əslində təbliğ olunduğu qədər mükəmməl olmaması.
Bu sorğunun nəticəsində daha bir maraqlı məqam var: bu gün Azərbaycanda pandemiya kuliminasiya nöqtəsinə gəlib çıxmayıbsa, bu vətəndaşların qələbəsidir, dövlətin deyil. Və insanlar könüllü karantini, dövlətin məcburi qaydalarından üstün tutur. Sərt və daimi nəzarətin cəmiyyət tərəfindən birmənalı qarşılanmaması özünüdərkin, azadlığın hələ də var olduğunun sübutudur.





