Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri növbəti dəfə 6 oktyabr 2022-ci il tarixdən 4 noyabr 2022-ci iltarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında (“Azərpoçt” MMC-nin və Qazax Telekommunikasiya qovşağının qarşısı) əhaliyə səyyar xidmətlər göstərəcəklər.
“Qərb Xəbər” məlumat verir ki, 30 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq.
Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir.
Qeyd edək ki, səyyar “ASAN xidmət” avtobusunda sənəd qəbulu bazar ertəsi və cümə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçiriləcək.