Sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərə qarşı 5 gün təkbaşına döyüşən azərbaycanlı döyüşçü Natiq Qasımovla bağlı yeni məlumatlar paylaşılır.
“Qərb Xəbər” məlumat verir ki, bir neçə gün öncə isə Natiq Qasımovun Xocalıda ermənilər tərəfindən əsir götürülməsi və dindirilməsi zamanı çəkilmiş fotoları yayıldı.
Hətta dizayner Rəsul Həsən də onun fotolarını rənglədi.
Həmin fotoların birində onun dindirilməsi prosesində Vitali Balasanyanın da olması diqqət çəkir.
Qeyd edək ki, Natiq Qasımovun Azərbaycan bayrağı ilə görüntüləndiyi foto ilk dəfə Rusiyanın “Oqonyok” jurnalının 1992-ci il tarixli aprel sayında dərc olunub.
1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olan Natiq Qasımovun ailəsi 1975-ci ildən Mingəçevirə köçüb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.
Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb.
1992-ci ildə Xocalının Xramort (Pirlər) kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.
Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var.