Qazağın 4 kəndi qaytarılır.Bu prosesi 1991-ci il Alma-Atı bəyamnaməsi ilə tənzimləyirlər.Qazağın görünən,adı çəkilən daha 3 kəndi qalıb.Amma,adı çəkilməyən,sözü getməyən otlaq adı ilə ermənilərə peşkəş çəkilən minlərlə hektar torpağımız var ki, sovet dövrünün məkrli rus planlarına xidmət edib.İndi anklav-eksklav deyilən o kəndlərimiz elə bu aralıqlarda hədiyyə edilən torpaqlar hesabına anklavlara(eksklavlara)çevrilib.
Ən son belə qoparılıb ermənilərə verilən torpaq payı-İncə dərəsininin 1765 ha meşə sahəsidir.1984 -cü ildə Sovet hökümətində böyük səs küyə səbəb olan xalq dirənişi kimi tariximizə düşüb.
Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliyi və Azərbaycan hökumətinə dəfələrlə müraciət etsə də, bir nəticə olmayıb. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr verməyib. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadənin, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanovun, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubovun və digər rəsmi şəxslərin Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlişi, kənd əhalisini hiddətləndirib. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri gələnləri daşa basıb, Rasizadənin maşınını aşırıblar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edilərək hüquqi qiymət verilməsi üçün xüsusi orqanlara göndərilib. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf edib. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul edib və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiası təmin olunub. 1985-ci ilin fevral ayında Qazaxın 5 min hektar ərazisinin Ermənistana verilməsi reallaşıb.
Hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilirlər.
Beləliklə, Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum olub. Azərbaycan ərazilərini işğaldan azad edib, Qarabağ münaqişəsinə son qoyandan, Ermənistanla sülh sazişinin imzalanması ehtimalı artdığından bu ərazilərin də Azərbaycana qaytarılması şansı yaranıb.
Bu əraziləri başlayan demarkasiya və delimitasiya proseslərində göz ardı etməməliyik! Obrazlı desək,Prosesə incə yanaşmaq lazımdır ki, İncə dərəsində “İncə gülü” çiçəklənsin.
Eləcə də ən yaxın tariximizdə,Naxçıvandan,Gədəbəydən Ermənistana verilən torpaqlar Alma-Atı bəyəmnaməsindən kənarda baxılmalıdır.Dövlət orqanlarımız bu məsələləri diqqətə alarsa,tarixi ədaləti az da olsa bərpa etmiş olar.
Məhərrəm Göyüşoğlu
Qərb xəbər