Xəbər verdiyimiz kimi, keçən il itkin düşmüş 10 yaşlı Quliyeva Nərmin Şərif qızının yandırılmış cəsədi tapılıb. Onu dünən saat 19:00 radələrində bir arxın içinə ataraq yandırıb qaçıblar. Kənd camaatı duyuq düşüb yanğını yarımçıq keçiriblər. Cəsəd tam yanmayıb.
“Bölgənin Səsi” saytının mətlumatına görə, Nərminin nə vaxt öldürüldüyü ilə bağlı hələlik hər hansı bir məlumat yoxdur. Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.
Kənd sakinlərinin “Bölgənin Səsi” saytına verdiyi məlumata görə, ailə olduqca rahat ailədir. Heç kimlə düşmənlikləri yoxdur. Anası restoranların birində qabyuyan işləyir, atası işsizdir.
Qeyd edək ki, Nərmin noyabrın 21-də toydan atasına pencək gətirmək üçün çıxıb yolda naməlum şəxslər tərəfindən qaçırılıb.