“Azərbaycan prezidentinin Laçında səsləndirdiyi mövqe birmənalı mövqedir. Burada həm Ermənistana ünvanlanan mesajlar var, həm də Qarabağdakı seperatçı qurum nümayəndələrinə”. Bu sözləri “Qərb Xəbər“ə müsahibəsində politoloq Oktay Qasımov bildirib. Politoloq əlavə edib ki, seperatçı rejim üçün hansısa status, hansısa müstəqillik boş xülyalardır.
– Oktay bəy, həm Ermənistan ordusunun, həm də Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin mütamadi olaraq Azərbaycan mövqelərini atəşə tutduğunu görürük. İki ölkə liderinin Moldova görüşü ərəfəsində sərhəddəki bu insidentlər nədən xəbər verir?. Sülhə qarşı olan qüvvələr daha böyük insidentlər yarada bilərmi?
Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşü öncəsi həm də sülh və normallaşma peosesinin getdiyi bir dövrdə biz belə təxribatların olacağının təxmin edirdik. Bu təəccüblü deyil, çünki regionda sülhü, Azərbaycanla Ermənistan arasında da normallaşmanı istəməyən qüvvələr var. Bu həm Ermənistanın daxilində, həm də kənarda olan qüvvələrdir. O baxımdan bu cür hərəkətlər olacaq. Görüş ərəfəsində daha böyük insidentlər olacağını isə düşünmürəm. Çünki, artıq görüşə də çox qısa zaman qaldı və bu görüş ərəfəsində Ermənistan tərəfindən hansısa daha böyük təxribatların olacağını istisna edirəm. Sonrakı dövrlərdə hansısa insident və təxribatların olmağı mümkündür.
– İlham Əliyevin dünən Laçından səsləndirdiyi fikirlərdən də aydın olur ki, Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Prezidentin “Separatizmin kitabı bağlandı” cümləsi dırnaqarası rejimdə daha böyük narahatlıq və çaxnaşma yarada bilərmi?. Əgər təşvişə düşsələr hansı yollara əl ata bilərlər?
Azərbaycan prezidentinin Laçında səsləndirdiyi mövqe birmənalı mövqedir. Burada həm Ermənistana ünvanlanan mesajlar var, həm də Qarabağdakı seperatçı qurum nümayəndələrinə. Orada açıq şəkildə qeyd olunur ki, artıq hansısa status, hansısa müstəqillik filan kimi xülyalar boş şeylərdir. Bunların heç birisi mümkün deyil, və onların iki yolu var. Ya tərki-silah olaraq böləgni tərk etməlidirlər, ya da Azərbaycan qanunlarına tabe olaraq Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Fərqli 3-cü yol dediyiniz kimi hansı qarşıdurmanı seçəcəklərsə, indiyə qədər həyata keçirilən siyasətə davam edəcəklərsə əlbbətdə ki, Azərbaycanın bununla bağlı artıq mövqeyi bəllidir. Bu Azərbaycan prezidenti tərəfindən səsləndirildi.
Qeyd etdi ki, bizim məsələnin başqa variantla həll etməyə hər cür imkanlarımız var. Sadəcə olaraq hal-hazırda oradakı qüvvələrə bir şans tanınır. Əgər onlar yenə hərbi cinayətlərə əl atıb təxribatlar törədəcəklərsə, onun cavabı bu dəfə daha sərt olacaq. Birdəfəlik bu məsələ kökündən həllini tapacaq.
– Ermənistan mətbuatında “Xankəndində separatçıların çevrilişi gözlənilir” kimi məlumatlar dərc olunmağa başlayıb. Bunun baş vermə ehtimalı varmı?
Xankəndində əlbbətdə ki qruplar arası mübarizə kifayət qədər ciddidir, kəskinləşib. Xüsusilə də keçmiş “Təhlükəsizlik Şürasının” katibi Samvel Babayanın bölgədə nüfüz və hakimiyyət uğrunda mübarizə apardığı açıq görünməkdədir. Bu mübarizə əlbətdə ki, onların arasında davam edəcək. Orada hansısa çevriliş filan bunlar boş şeylərdir. Rusiyanın onlar üçün qurduğu çərçivədə hərəkət edəcəklər. Orada hansısa bir əlavə hərəkətlər hansısa gərginliklər əlbət ki, onların özünə zərərli olacaq. Onlara tanınan bir şans var, o şansda silahları yerə qoymaq və Azərbaycan qanunlarını qəbul etməkdir.
– Rusiya sülh müqaviləsi uğrunda sanki Qərblə mübarizə aparır. Son görüşlərdən sonra sülhün olacağı ilə bağlı müsbət bəyanatlara şahid oluruq. Bu Rusiyanın maraqları daxilindədirmi?. Rusiyanın həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də Qarabağdakı seperatçılarla bağlı mövqeyində dəyişiklik varmı?
Rusiyanın bölgə ilə bağlı konkret özünün planları var, bu plan ondan ibarətdir ki, bölgədə davamlı sülh olmasın!. Azərbaycan Ermənistan arasında sülh müqaviləsi imzalanmasın. Gərginlik müəyyən həddə qalxsın. Buda rusiyanın bölgədə həm hərbi varlığını, həm də bu moderatorluğunun davam etməsi demək olacaq. O baxımdan hal-hazırda Rusiya və Qərb arasında davam edən bu rəqabət daha çox bölgədə nüfuz dairəsi uğrunda olan rəqabətdir. Qərb sülh məsələsində Rusiyadan daha konstruktiv mövqe sərgiləyir.
Rusiya da prosesdən geri qalmamaq üçün müəyyən addımlar atmaq zorundadır. Öz siyasətində müəyyən korrektələr etməlidir. Etməyəcəksə, bu daha çox Rusiyanın maraqlarına zərər vuracaq. Sonunda tərəflər bir araya gələcəksə, sülh müqaviləsini imzalayacaqsa onda Rusiya oyundan kənar vəziyyətə düşə bilər.
Rahib İsgəndərli