Ət niyə bahalaşdı? – Ekspert səbəbləri açıqlayır
Bir neçə gündür ki, bölgələrdə mal və qoyun ətinin qiymətində bahalaşma müşahidə olunur.
Belə ki, Cəlilabadda ətin qiyməti 1-2 manat bahalaşıb. Tovuzda isə yalnız qoyun ətinin bahalaşması müşahidə olunur. Qiymət artımının 2-3 manat artdığı bildirilir. İsmayıllı və Şamaxıda orta hesabla ət 2 manat bahalaşıb. Oxşar vəziyyət Ağsu, Göyçay, Bərdə və digər rayonlarda da müşahidə olunur. Bu da təbii ki, tezliklə Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlərdə ətin qiymətinə təsir göstərəcək.
Bəs, bal və qoyun ətinin birdən-birə bu qədər bahalaşmasının səbəbi nədir?

“Qərb Xəbər” bildirir ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bahalaşmanın əsas səbəbini təklifin az, tələbatın çox olması ilə izah edib.
Onun sözlərinə görə, hazırda bazara tələb olunduğundan daha az mal çıxarılır:
“Ancaq digər səbəblər də var. Fermərlər bazara çıxardıqları ətin qiymətini idxal qiyməti ilə müqayisə edirlər. İdxal olunan ətin qiyməti bahalaşıb. Ona görə də yerli fermerlər də qiymətləri artırır. Xərclərin artması həm də qış fəsli ilə əlaqədardır. Heyvana verilən samanın qiyməti də artıb”.
Ekspert həmçinin bildirib ki, maldarlıqda istifadə olunan yem və dərmanların da qiyməti artıb:
“İşçi qüvvəsi bahalaşır, ümumi infliyasiya gedir, şirkətlərin xərcləri artır. İntensiv maldarlıqla məşğul olanlar yemi xaricdən alırlar. Yemin içərisində soya, taxıl məhsulları var. Bir kiloqram ətin maya dəyərinin təqribən 65-70%-ni yem komponenti təşkil edir. Əgər yem bahalaşırsa, ət də bahalaşır. Həm quşçuluqda, həm heyvandarlıqda əsas səbəb budur”.





