Əmək pensiyaları indeksləşdirilib
Əmək pensiyaları indeksləşdirilib.
“Qərb Xəbər” məlumat verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;
1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı