“Yeməyi ona göstərmə, şişər” – nənələrimizin sirr dolu sözü…-ELNUR NEMƏTOV
Bu ifadə ilə hamımız rastlaşmışıq. Uşaqkən anlamırdıq, sadəcə gülümsəyirdik. Elə indi də çoxumuz bu ifadənin tam mənasını bilmədən işlədirik.
Bəs bu, sadəcə inancdır, yoxsa arxasında bir elmi izah var?
Gəlin görək, beyində nə baş verir?
Yeməyi görmək, istəyib yeməmək beyində “qadağan olunmuş meyvə” effekti yaradır. Bu, xüsusilə uşaqlarda və diyet saxlayan insanlarda daha güclüdür. Qadağan olunan yemək beyinə “onu almalısan” mesajı göndərir.
İstədiyin, amma əldə etmədiyin bir şey beyində stress cavabı yaradır. Bu, bəzi insanlarda kortizol hormonunu artırır, iştahı gücləndirir və sonrakı vaxtlarda həddindən artıq yeməyə səbəb ola bilir.
Yeməyi görmək və qoxulamaq orqanizmdə “hazırlıq reaksiyası” işə salır:
Mədə turşusu ifraz olunur;
Mədəaltı vəzi insulin ifraz edir.
Yemək yeyilmədiyindən bu proseslərin baş verməsi bəzən mədə yanması və diskomfortla nəticələnə bilər. Bu, insanı birbaşa şişirtməsədə hormon balansına güclü təsir edir.
Sadə izahla desək:
1. Göz yeməyi görür — beyinə deyir: “Yemək gəlir, hazırlaş!”
2. Beyin mədəaltı vəziyə siqnal göndərir — “İnsulin ifraz et!”
(İnsulin qanda şəkəri hüceyrələrə daşıyan hormondur.)
3. İnsulin yüksəlir — amma biz yemirik, qanda şəkər hələ normaldır, insulin artıqdır.
4. Şəkər düşməyə başlayır — insulin şəkəri hüceyrələrə yığır.
5. Şəkərin düşməsi — halsızlıq, əsəb və güclü aclıq yaradır.
Bu da beynə yeni siqnal verir: “Aclıq gəldi, enerji lazımdır!”
Nəticə:
Nənələrimizin “Yeməyi ona göstərmə, şişər” kəlamı burda elmi izahını tapır.
Görüb istədiyin, amma yemədiyin yemək bədəni aldadır, hormon tarazlığını dəyişir və sonrakı aclığı daha da artırır. Bu isə sonrakı dövrdə “qırılma”, həddindən artıq yemək və kökəlməyə səbəb ola bilər.
Tövsiyə:
Diyet saxlayarkən bədəni tamamilə sevdiyimiz qidalardan məhrum etmək düzgün deyil.
Yemək porsiyasını və tezliyi düzgün tənzimləməklə həm psixoloji rahatlıq, həm də metabolik balansı qoruyub saxlamaq mümkündür – şişmərik.
Sağlam qidalanma məhrumiyyət deyil, düzgün seçim etməkdir.




