Türkiyədə bir dönəm qapandı-PKK silahı təhvil verməyə başladı
“Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində bu gün PKK terror təşkilatının silahı təhvil verməyə başlaması nəzərdə tutulur.
Qerbxeber.com “CNN Türk”ə istinadən xəbər verir ki, səhər saatlarından xeyli jurnalist İraqın şimalında terrorçuların cəmləşdiyi əraziyə yollanıb. Onlar Kürdüstan Muxtar Vilayətinin paytaxtı olan Ərbil şəhəri ilə Süleymaniyə şəhərinin arasındakı yolda gözləyiblər və silahların təhvil veriləcəyi yerə xüsusi avtobusla aparılıblar.
Bildirilib ki, ilk gün 15-i qadın olmaqla 30 PKK üzvü silahını təhvil verib. Qandil dağının girişində iki dağın arasında böyük qazan yerləşdirilib. Terorçular Qandildəki mağaralardan çıxaraq, həmin sahəyə gəliblər. Əvvəlcə Türkcə və kürdcə bəyanat oxunub.Sonra isə, terorçular silahlarını böyük metal qazana atıblar və silahlara od vurulub. Dah sonra, məhv edilən silahların markalarını əks etdirən siyahı səlahiyyətlilərə təqdim olunub.
Artıq Türkiyə və İraqın bir sıra vəzifəli şəxsləri prosesi izləyiblər. Eyni zamanda, çoxsaylı yerli və xarici medya təmsilçiləri və beynəlxalq ictimai təşkilatların təmsilçiləri hadisəyə şahidlik ediblər.Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.
Xatırladaq ki, bu ilin fevralın sonlarında A. Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırış edib. PKK/PYD terror təşkilatının lideri Salih Müslim isə “Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, bu şərtlə silahlarımızı yerə qoyacağıq”, – deyə bildirib.
Mart ayında isə PKK terror təşkilatı atəşkəs elan etdiyini, həmçinin Öcalanın çağırışına əməl olunacağını açıqlayıb.
PKK may ayında özünü ləğv etdiyini açıqlayaraq Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.










