Türkiyə İsveçin NATO-ya qəbuluna razılıq verdi
NATOnun Vülnüs Zirvəsi çərçivəsində prezident R.T.Ərdoğan, NATO-nun baş katibi Stoltenberq və İsveç lideri Kristersson arasında keçirilən üçtərəfli görüşdə razılıq əldə olunub. İsveçin NATO üzvlüyünə Türkiyənin dəstəyi ilə masada daha bir çox qərarlar qəbul edilib. Müvafiq olaraq, NATO tarixində ilk dəfə olaraq Terrorla Mübarizə üzrə Xüsusi Koordinator təyin ediləcək. Terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlıq genişləndiriləcək. İsveç və Türkiyə arasında ikitərəfli təhlükəsizlik mexanizmi qurulacaq. İsveç Türkiyənin Aİ üzvlüyünə, sanksiyaların ləğvinə və viza rejiminin liberallaşdırılmasına dəstək verəcək.
“Qərb xəbər” bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Bildirilir ki, Vilnüsdə keçirilən üçtərəfli görüşdə Türkiyə- sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması da daxil olmaqla, Aİ-yə üzvlük prosesinə tam dəstək alıb.
Türkiyə, İsveç və NATO arasında keçirilən görüşdə İsveç, Türkiyənin Aİ-yə üzvlük prosesinə, o cümlədən Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılmasına fəal dəstək verəcəyini öz üzərinə götürüb.
Üç tərəfli görüşdə xüsusi bəyanat qəbul olunub.
Türkiyə, İsveç və NATO arasında Vilnüsdə keçirilən üçtərəfli görüşdən sonra yazılı açıqlama verilib. NATO-nun son Zirvə Toplantısından bu yana Türkiyə və İsveçin Türkiyənin qanuni təhlükəsizlik problemlərini həll etmək üçün sıx əməkdaşlıq etdiyi vurğulanan bəyanatda İsveçin konstitusiyasında, qanunlarında dəyişiklik etdiyi, PKK-ya qarşı terrorla mübarizədə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirdiyi, Türkiyəyə silah ixracına yenidən başladığı bildirilib.
Tərəflərin Türkiyə-İsveç Birgə İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) vasitəsilə iqtisadi əməkdaşlığın artırılması barədə də razılaşdıqları bildirilən bəyanatda, Türkiyə və İsveçin ikitərəfli ticarət və investisiyaları artırmaq üçün imkanları maksimum dərəcədə artırmaq yollarını axtaracaqları vurğulanıb.
Bəyanatda deyilir: “İsveç Türkiyənin Türkiyə-Aİ Gömrük İttifaqını yeniləmək və viza liberallaşdırılması da daxil olmaqla Aİ-yə üzvlük prosesini canlandırmaq səylərini fəal şəkildə dəstəkləyəcək. Bu əsasda və Avro-Atlantik bölgənin çəkindirmə və müdafiə tələbləri kontekstində, Türkiyə İsveçin üzvlük protokollarını parlamentə göndərəcək və onların ratifikasiyasını təmin etmək üçün parlamentlə sıx əməkdaşlıq edəcək”.
Bundan sonra, prezident Ərdoğan razilaşmanı radifikasiya etmək üçün TBMM-ə göndərəcək.





