Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan “İngilis dili hər kəs üçün əlçatandır!” – ingilis dili kurslarının təşkili layihəsinin icrasına başlanılıb.
‘Qərb Xəbər’ məlumat verir ki, layihənin əsas məqsədi Aşağı Quşçu kəndində yaşayan və həmin kənddə yerləşən 3 məktəbdə ( Aşağı Quşçu 1 nömrəli tam orta məktəb, İ. Mürşüdov adına tam orta məktəb, İ. Bayramov adına tam orta məktəb) təhsil alan şəhid, qazi ailələrindən, onların yaxınlarından, eləcə də maddi imkanı zəif olan istedadlı, öyrənməyə həvəsli şagirdlər üçün ingilis dili kursunun təşkilidir.
Layihənin rəhbəri Tovuz rayon Aşağı Quşçu kənd tam orta məktəbinin ingilis dili müəllimi Leyla Məmmədovadır.
Layihə çərçivəsində bu kursa cəlb olunan şagirdlərin 5 ay ərzində dinləyib-anlama, danışma, oxu, yazı bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.
23 oktyabr 2022-ci il tarixdə layihəyə seçim üçün test imtahanı keçirilib. İmtahanın nəticələrinə əsasən layihədə iştirak edəcək 15 şagirdin adları məlum olub.
Qeyd edək ki, layihənin sonunda şagirdlərin hər birinə təlim keçilən səviyyə üzrə sertifikat veriləcək.