2022-ci il “Gənclər paytaxtı” Tovuz rayonunda Nizami Gəncəvi adına Mədəniyyət evində Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gənc Sahibkarların III Forumu keçirilib.
“Qərb Xəbər” məlumat verir ki, Forumda Gənclər və idman naziri Fərid Qayıbov, nazirliyin nümayəndələri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və digər qurumların rəhbərləri və əməkdaşları iştirakı edib.
Tədbirə müxtəlif rayonlardan 100-dən çox gənc sahibkar qatılıb.
Qeyd olunub ki, forumun məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərinin öyrənilməsidir.
Forumun 3 hissədən – rəsmi açılış, müxtəli panel müzakirələr və uğur qazanmış gənclərin motivasiya çıxışlarından ibarət olub.
Qeyd edilib ki, Gənc Sahibkarların Forumu gənclərin məşğulluq prosesinə aktiv cəlb olunması, infrastruktur resurslarından səmərəli istifadə, gənclər üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dəstək olan platformaya çevrilməkdədir.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Ailə Biznesinə ASAN Dəstək publik hüquqi şəxsi və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları öz qurumlarının gənc sahibkarlarla bağlı həyata keçirdiyi işlər və sahibkarlara dövlət dəstəyi mexanizmləri barədə məlumat veriblər.
Forumda TEDx formatında “Maliyyə sektorunun gələcəyini texnologiya necə dəyişəcək”, “Sadə idarəetmə” mövzusunda təqdimatlar olub.
Qeyd edək ki, Gənc Sahibkarların I və II Forumları müvafiq olaraq 2019-cu və 2021-ci illərdə Bakı şəhərində təşkil olunub.