Tovuz rayon Düz Qırıqlı kəndində məskunlaşan məmmədovlar ailəsi iddia edir ki, onlara məxsus olan 1,10 ha torpaq sahəsi dövlət tərəfindən örüş sahəsi kimi verilib.
“Qərb Xəbər”ə danışan ailə bildirib ki, keçən il dövlət tərəfindən onlara subsidiya ayrılıb və bununla da ailə örüş sahəsinin bir hissəsində taxıl əkib. Bir neçə gün öncə həmkəndliləri Xasiyev Eldar Ziyad oğlu tərəfindən bu sahəyə ziyan dəyib.
Belə ki, qarşı tərəf də məhz bu sahənin ona məxsus olduğunu, bələdiyyədən aldığını deyib və ailənin əkdiyi taxılı biçərək heyvanlara yem kimi verib. Yerində isə müxtəlif növ ağaclar əkərək suvarma sistemi də qurub.
Məmmədovlar ailəsi sözü gedən ərazi ilə bağlı aidiyyəti qurumlara məlumat verərək şikayətçi olduqlarını bildiriblər. Tovuz Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən reportyorumuza bildirilib ki, yaxın zamanalarda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları cəlb olunacaq və tərəflərə bir daha əraziləri tanıdılacaq.
Müxbirimizin əldə etdiyi məlumata görə, Tovuz Rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov məsələ ilə bağlı vəziyyəti şəxsən nəzarətə götürüb. Dəymiş ziyanla bağlı heç bir məlumat verilməyib.