Bu gün Tovuz döyüşlərinin başlamasından iki il keçir.
2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar.
Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə və sərhədboyu bir sıra yaşayış məntəqələrini – Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərini – atəşə tutub.
Düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verilib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlədib.
İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam edib.
Bu əməliyyat istiqaməti eyni zamanda həm də iki ölkə arasında dövlət sərhədi olduğundan Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri sadəcə düşmənin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və onun irəliləməsinin qarşısının alınmasına yönəlib.
Təbii ki, döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd yox idi.
Qeyd edək ki, döyüşlər zamanı yaşayış məntəqələri, qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib.
Tovuzdakı şiddətli döyüşlər zamanı Azərbaycanda könüllü şəkildə orduya yazılmaq prosesi başladı. Bu döyüşlərdə məğlub olan Ermənistan Azərbaycana qarşı təxribatlarını genişləndirdi. Azərbaycan isə bu təxribatlara cavab olaraq sentyabrın 27-də güclü əks-hücum əməliyyatlarına başladı və 44 gün ərzində işğalda olan ərazilərini azad etdi.