Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.
Bu səfərin önəmini və müzakirə olunacaq mövzuları ‘Qərb Xəbər’ə şərh edən politoloq Oktay Qasımlı bildirdi ki, Azərbaycan və Qazaxıstan həm tarix, həm mədəniyyət baxımından bir-birinə yaxın dövlətlərdir.
‘Hər iki xalq bir kökə malikdir, türkdür. Biz bir etnik qrupunun üzvləriyik. Digər tərəfdən Qazaxıstan ilə Xəzər dənizindən həmsərhədik. Hər zaman münasibətlərimiz normal olub. Hal-hazırkı səfər dünyada gedən qlobal proseslər çərçivəsində maraq doğuran bir səfərdir. Bu səfərdə kifayət qədər müzakirə olunacaq mövzular var. Bu görüşdə siyasi, iqtisadi, mədəni və ticari mövzular çərçivəsində müzakirələr aparılacaq.
Digər tərəftən isə Azərbaycan və Qazaxıstan Türk Dövlətlər Birliyinin üzvləridir. Bu təşkilatın yaranmasının ən aktiv üzvləridir. Türk Dövlətlər Birliyinin bundan sonrakı fəaliyyət istiqamətləri müzakirə olunacaqdır”.
Oktay Qasımlı həmçinin qeyd edib ki, son dövrlər Azərbaycanın kommunikasiya baxımından artan nüfuzu var. Qazaxıstanın isə öz enerjisini dünya bazarına çıxartmaq istəyi var. Bu baxımdan ən vacib rollardan biri də Azərbaycanın üzərinə düşəcək.
“Xəzər Magistral Kəmərləri vasitəsilə Qazaxıstan nefti Novorossiyskyə daşınırdı və oradan dünya bazarına çıxarılırdı. Ukraynada savaş başlayandan bəri bu kəmər Rusiya tərəfindən bir neçə dəfə dayandırıldı. Bu da Qazaxıstan iqtisadiyyatında kifayət qədər ziyan vurdu. Qazaxıstan tərəfinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə ildə 1,5 milyon ton nefti dünya bazarına çıxarmaq fikri var. Bununla bağlı SOCAR ilə danışıqlar aparılır”.
“Eyni zamanda Qazaxıstan Azərbaycana taxıl ixrac edən əsas ölkələrdəndir. Dünyada taxıl qıtlığı yaranmış bir vaxtda Qazaxıstan Azərbaycanın ən etibarlı taxıl təminatçısı rolunu oynaya bilər” – deyə politoloq əlavə edib.
Rahib İsgəndərli
Qərb Xəbər
.