Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə 26 iyun – “Silahlı Qüvvələr günü” münasibəti ilə N saylı hərbi hissədə hərbi qulluqçular arasında intellektual yarış keçirilib.
“Bölgənin Səsi” saytının məlumatına görə, yarışda 4 komandanın heyətində 12 nəfər gənc hərbçi iştirak edib.
“Breyn Rinq” formatında reallaşan yarışda ən çox suala düzgün cavab verən “Aselsan” komandası I yerə layiq görülüb. “Şəfəq” komandası II, ZRAB komandası isə III yeri tutub. Qalib komandaya kubok təqdim olunub. Bütün mükafatçı komandaların üzvləri isə müvafiq diplom və medallarla təltif olunublar.
Həmçinin, tərxis olunan əsgərlər arasında viktorina keçirilib. İki əsgər – Qayıbxanov İsa Bəxtiyar oğlu və Məmmədov Elmar Sərkər oğlu qiymətli hədiyyələrlə (qol saatları) mükafatlandırılıblar.
Bundan başqa, yarışın keçirilməsində göstərdikləri köməkliyə görə hərbi hissənin komandiri əvəzi polkovnik-leytenant Vüsal Sadıqov və hərbi hissənin zabiti mayor Rauf Qənbərov Qazax GİKM tərəfindən təşəkkürnamə ilə təltif olunublar.