Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək.
Qerbxeber.com xeber verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycanla İran arasında yükdaşımaların həcmi 20 faiz, tranzit daşımaları isə 23 faizdən çox artıb:
“Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmalar bizim üçün bir yol xəritəsidir. Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur- Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrük infrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni təmin edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verəcək Ağbənd-Kəlalə, eləcə də Siyahrud-Ordubad avtomobil körpüsünün inşası regionun logistika potensialının artırılmasına xidmət edir”.
Baş nazirin müavini bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, habelə Astaraçay çayı üzərində yeni avtomobil və piyada körpüsünün tikintisi, Astara yük terminalının inşası və digər layihələr iki ölkənin, xüsusilə regionun nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb:
“Eyni zamanda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları, həmçinin Ordubad su elektrik stansiyası ilə bağlı Azərbaycan-İran əməkdaşlığı önəmlidir. Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək elektrik verilişi xəttinin tikintisi layihəsi də mühüm əhəmiyyət kəsb edir. Bütün bu layihələr “yaşıl enerji” sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsiüçün yeni perspektivlər vəd edir”.
Ş.Mustafayev həmçinin İran Prezidentinin Azərbaycana planlaşdırılan səfərinin iki ölkə arasında münasibətlərdə yeni imkanlar açacağına inandığını söyləyib.