“Rusiya xarici borc öhdəlikləri üzrə ödənişlərini həyata keçirə bilməyərək defolt oldu”
Bu sözləri “Qərb Xəbər”ə danışan politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, Rusiya süni şəkildə defolt edildi: “Rusiyanın pulu var, sadəcə olaraq Qərb maliyyə sistemindən təcrid edildiyi üçün xarici valyutada ödəniş həyata keçirə bilmir.”
Politoloq bildirib ki, bir ölkənin defolt olması ümumi iqtisadi inkişafa neqativ təsir edir: “Bir ölkənin defolt elan olunması ölkəyə borc cəlb etmək imkanlarını məhdudlaşırdırır və ya qeyri-mümkün hala gətirir, kredit reytinqləri kəskin aşağı düşür. Rusiya ilə bağlı bütün bu hallar artıq mövcuddur, bu səbəbdən defolt elan olunmaq dərhal hansısa radikal dəyişiklik yarada bilməz. Amma borc sahiblərinin hüququ var ki, pullarını almaq üçün məhkəmələrə müraciət edib, dünyanın müxtəlif yerlərində Rusiya dövlətinə məxsus əmlaka həbs qoydursunlar. Ümumilikdə isə bu fakt ölkənin etibarlı maliyyə-kredit və ticarət tərəfdaşı kimi reputasiyasına vurulmuş növbəti zərbədir”.
Şahin Cəfərli G-7 ölkələrinin Rusiya qızılına sanksiya tətbiq etməsindən də danışıb: “Qızıl (qiymətli metallar) Rusiyanın ixrac strukturunda enerjidən sonra ən çox gəlir gətirən 2-ci bölmədir. Rusiya 2021-ci ildə 302,2 ton qızıl satıb və 17,4 milyard dollar gəlir əldə edib, bu qızılın 266,1 tonunu (15,4 milyard dolar) təkcə Britaniya alıb. İndi tez-tez deyirlər ki, Rusiyanın ixrac məhsullarını Qərb almayacaqsa, Çin və Hindistan alacaq, nə fərqi?
Fərqi var. Əvvəla, bu dövlətlər fürsətdən yararlanaraq ciddi endirim tələb edirlər və Rusiya öz malını dünya qiymətlərindən daha ucuza satmağa məcbur olur. Yəni alıcıların dairəsi ciddi şəkildə daraldığı üçün mal sahibi onardan asılı duruma düşür, qiyməti qarşı tərəf diktə edir. Digər tərəfdən, Rusiyanın Çindən asılılığı getdikcə artır ki, bu da Çin və ABŞ-la bərabərhüquqlu, eyni çəkili qlobal oyunçu qismində çıxış etmək iddiasında olan və Ukrayna avantürasını həm də bu səbəbdən törədən imperial güc üçün xoşagəlməz, arzuolunmaz durumdur.”
Həsənova Ülviyyə.