Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi yoxdur ki, onun şəhidi olmasın.. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidliyə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Onlar məhz bu cür seçilmişlər idi.
O da siravi vətəndaş kimi həyatını yaşaya bilərdi… Bütövlükdə xalqın deyil, yalnız ata-anasının övladı, bacısının qardaşı ola, ömrünün sonunadək yurd-yuvasının şamını yandıra bilərdi.. Amma o ölümsüzlüyü seçdi… Çünki Şəhidlik ölüm deyil, Vətən uğrunda canından keçmək özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bu, elə bir məqamdır ki, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə ərmağan edirsən.
“Gənc Qazilər” İB-nin Qazax filialının rəhbərliyi başda olmaqla, bütün üzvləri Şəhid Nihat Abdullayevin doğum günündə onun məzarını ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər. Onlar Birlik olaraq hər zaman şəhid ailələrinin, qazilərin yanında olduqlarını ifadə ediblər.
Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb. Subay idi. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həmin ilin sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Nihad Abdullayev noyabrın 9-da Xocavənd ərazisində gedən döyüşlər zamanı şəhid olub. O, Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunub. 18 yaşlı şəhid hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncama uyğun olaraq isə ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. Yaxınları Nihat Abdullayevlə qürur duyduqlarını hər addımında hiss etdirirlər. Onların yaşadığı küçəyə məhz şəhid Nihat Abdullayevin adının verilməsi ali zirvəyə göstərilən ehtiramdan xəbər verir.
Röyal İslam,
Aymirə İsmayılqızı, Qərb Xəbər