Putin xalqa müraciətində nə dedi?
“Müasir Ukrayna tamamilə və bütövlükdə Rusiya tərəfindən yaradılıb”, – Vladimir Putin qərarı ilə bağlı xalqa müraciətinin belə başlayıb.
Prezident Putin xüsusilə qeyd edib ki, o Rusiya sovet və kommunist Rusiyası olub.
Tarixlə bağlı çıxışını davam etdirən Putin keçmiş kommunist lideri Vladimir Lenini tənqid edərək onu Ukraynanın “müəllifi və memarı” adlandırıb.
Vladimir Putin xalq müraciətində onu da deyib ki, 1991-ci ildə Sovet İttifaqı dağılanda Rusiya “qəsb edilib”.
O, ilk dəfə deyil ki, bu barədə danışır. Vladimir Putin bundan əvvəl bildirmişdi ki, ittifaqın dağılmasını “geo-siyasi fəlakət” adlandırıb.
Putin NATO-nun Ukraynanı “müharibə teatrına çevirdiyini” deyib.
Avropa ölkələrinin reaksiyası nə oldu?
Britaniyanın Baş naziri Boris Johnson deyib ki, Ukraynanın şərqindəki separatçı qurumların tanınması “açıq şəkildə beynəlxalq hüququn pozulması” olar.
“Bu, Ukraynanın suverenliyi və bütövlüyünün kobud şəkildə pozulmasıdır”, cənab Johnson deyib. “Bu, Minsk prosesinin və Minsk razılaşmalarının rədd edilməsidir və hesab edirəm ki, bu, çox pis işarə və çox qaranlıq əlamətdir”.
Almaniya Kansleri Olaf Scholz Putinin qərarını pisləyib və məsələ barədə Fransa və Ukrayna prezidentləri ilə müzakirə aparıb.
Fransa Prezidenti Emmanuel Macron Ukrayna böhranını müzakirə etmək üçün təhlükəsizlik və müdafiə şurasının təcili iclasını çağırıb.
Cənab Macron bundan əvvəl iki dəfə cənab Putinə zəng edib və Ukrayna barədə danışıb.
Bundan əvvəl Vladimir Putinə xəbərdarlıq edilib ki, o, Ukraynanın separatçı regionlarının müstəqilliyini tanıyarsa, Avropa İttifaqı sanksiya tətbiq edə bilər.
Aİ-nin xarici siyasət üzrə komissarı Josep Borrell daha əvvəl demişdi ki, “ilhaq olarsa, sanksiyalar olacaq, tanınma olarsa, mən sanksiyaları masaya qoyacağam və nazirlər qərar verəcək”.
Baş verənlərdən görünür ki, Vladimir Putin xəbərdarlıqlara məhəl qoymayıb. Kreml elan edib ki, Putin bu qərarı barədə Fransa və Almaniya liderlərinə məlumat verib.
Fransa və Almaniya bu münaqişə ilə bağlı Ukrayna və Rusiya arasında əsas vasitəçilərdir.
Putin Donetsk və Luhansk barədə qərarı necə verdi?
Bu gün Prezident Vladimir Putin Rusiyanın Təhlükəsizlik Şurasının təcili iclasında demişdi ki, tanınmamış Donetsk Xalq Respublikası və tanınmamış Luhansk Xalq Respublikası liderlərinin suverenliyin tanınması ilə bağlı müraciətlərinə baxılacaq.
Həmin iclasda Dövlət Dumasının və Federasiya Şurasının spikerləri də tanınmamış DXR və tanınmamış LXR-nin müstəqilliyinin tanınmasına çağırış ediblər. Digər rəsmilər də oxşar fikirlər səsləndiriblər. Xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, həmçinin Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak çıxışlar ediblər.
Putin bildirib ki, Ukrayna hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirmək fikrində deyil. Dmitri Kozak onunla razılaşıb. Putin sözü Təhlükəsizlik Şurası sədrinin birinci müavini Dmitri Medvedevə də verib. Rusiya Federasiyasının keçmiş prezidenti Medvedev çıxışında 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın tanınması barədə qərarını necə verdiyini xatırlayıb.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Vaşinqtonu Ukrayna üzrə əsas müzakirəçi adlandırıb və ABŞ-la danışıqlara çağırıb. Baş nazir Mixail Mişustin gözlənilən sanksiyalardan danışıb, amma Patruşevi də dəstəkləyib. Onlar Moskvanın mövqeyini Vaşinqtona çatdırmağı, əgər “hərəkət” olmasa, əks təqdirdə DXR və LXR-i tanımağı təklif ediblər. / BBC Azərbaycanca