Qida əlavələri- Həll Yolu Kimi Görünən Yalnış Secim
Bizim orqanizmimiz hər gün vitamin, mineral və müxtəlif qida elementlərinə ehtiyac duyur.
İdeal halda bu ehtiyacları təbii, düzgün və balanslı qidalanma ilə almalıyıq.
Amma bugünkü həyat tərzi buna hər zaman imkan vermir.
Çünki müasir həyat bizə rahatlıq gətirsə də, bu rahatlığın içində bəzi sağlam vərdişlərimiz yavaş-yavaş arxa plana keçir.
Texnologiya inkişaf etdikcə, biz təbii, balanslı qidalardan uzaqlaşaraq daha çox sürətli, emal olunmuş və süni məhsullarla qidalanmağa başlamışıq.
Əvvəllər yeməkləri özümüz hazırlayar, mətbəxdə daha çox vaxt keçirər, məişət işləri üçün ayrıca vaxt ayırar və qidanın hər bir mərhələsini özümüz nəzarətdə saxlayardıq.
Hərəkət vərdişlərimiz bizi daim aktiv saxlayar, qidalarımız immun sistemimizi gücləndirər, bədənimizi isə daha gümrah və dözümlü edərdi.
Bütün bunlar sadə gündəlik işlər olsa belə, bir növ təbii məşq rolunu oynayar və sağlamlığımızı dəstəkləyərdi.
Qidalara gəldikdə isə, meyvə-tərəvəzlərimiz təbii, gübrəsiz yetişər, ət və süd məhsullarımız dadlı olsun deyə heç bir süni qatqıya ehtiyac olmadan süfrəmizə gələrdi.
Bağdan yığdığımız pomidorun ətri bütün mətbəxi bürüyər, meyvələrin dadından doymaq olmazdı.
Bir sözlə, hər şey öz təbiiliyini qoruyardı.
Həm sadə, həm də keyfiyyətli.
Amma bu gün saatlarla kompüter qarşısında işləmək, stress, yuxusuzluq, sürətli həyat tempi, keyfiyyətsiz qidalar, oturaq həyat və davamlı gərginlik artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Vaxta qənaət etmək artıq günün əsas tələbinə dönüb.Və çox vaxt bu qənaət bizim sağlamlığımızı risk altına atır.
Müasir həyat bizi həm də sakitlikdən uzaqlaşdırıb.
Daimi bildirişlər, mesajlar, xəbərlər və davamlı informasiya axını beynimizi fasiləsiz işləməyə məcbur edib.
Nəticədə isə orqanizmimiz əvvəlkindən daha yorğun, zəif olub və müxtəlif xəstəliklərə daha açıq vəziyyətə gəlib.
Bu isə getdikcə artıq çəki və digər metabolik pozuntularla özünü büruzə verməyə başlayır.
Maraqlısı budur ki, insanlıq tarixində heç vaxt bu qədər qida bolluğu olmayıb, eyni zamanda heç vaxt bu qədər piylənmə, diabet və hormonal problemlər də müşahidə edilməyib.
Deməli, bir tərəfdən geni dəyişdirilmiş məhsullar, digər tərəfdən isə torpağın əvvəlki qədər zəngin olmaması qidalarda bəzi maddələrin çatışmazlığına səbəb olub.
Məhz bu nöqtədə qida əlavələri gündəmə gəlir.
Sosial şəbəkələrdə, reklamlarda, idman zallarında və hətta gündəlik söhbətlərdə müxtəlif yağyandırıcılar, protein tozlar, vitaminlər və qida əlavələri haqqında demək olar ki, hər gün eşidirik.
Məsələn: berberin, alfa-lipoik turşu, l-karnitin və s. bu kimi müxtəlif qida əlavələri ilə bağlı “istifadə etdim, yaxşı oldum” tipli paylaşımlar da qarşımıza çıxır.
Hamımız öz problemimizi müəyyən qədər bilirik və belə paylaşımlar, məlumatlarla qarşılaşanda bu əlavələr diqqətimizi çəkir.
Nəticədə düşünmədən, məsləhətləşmədən axtarır, tapır, hətta bahalı olsa belə alırıq və istifadə edirik.
Bu yanaşma müəyyən qədər təbiidir, çünki sosial həyatımızda o qədər yüklənmişik ki, hər şeyi qısa yolla həll etməyə çalışırıq.
Amma kimsə dedi, gördüm, eşitdim, gedib aldım və istifadə etdim kimi yanaşma düzgün deyil.
Çünki onların düzgün seçimi və istifadəsi mütləq peşəkar nutrisioloq və ya həkim nəzarəti ilə olmalıdır.
Əlbəttə, vitamin və mineral çatışmazlığı yarandıqda bu əlavələr faydalı ola bildiyindən bu bizə sanki çıxış yolu, sağlamlığın açarı kimi görünə bilər.
Lakin bu, hər video, hər paylaşımı mütləq doğru bilib canımızı riskə atmaq anlamına gəlmir..
Belə olan halda çox vaxt heç bir nəticə görmürük.
Çünki burada əsas məqam odur ki, qida əlavələri yalnız məqsədli və nəzarətli istifadə olunduqda sağlamlığa dəstək verir.
Ehtiyac olmadan və nəzarətsiz qəbul isə istənilən nəticəni vermir, əksinə yanlış istifadə riskini artırır.
Xüsusi olaraq qeyd edək ki, orqanizm üçün əsas enerji və sağlamlıq mənbəyi yenə də təbii və keyfiyyətli qida hesab olunduğundan, heç bir əlavə balanslı və təbii qidalanmanı tam əvəz edə bilməz.
Bəs onda qida əlavələrinə nə zaman ehtiyac duyulur?
İdmanla yanaşı, arıqlama dövründə qida əlavələrindən çox istifadə olunur. Bəzilərimiz düşünürük ki, onlar bir çox şeyi əvəz edir.
Məsələn: aclığı qida əlavəsi ilə yenəcəyəm və ya hansısa yeməyi onunla əvəz edəcəyəm. Əlbəttə, bu yanlış fikirdir.
Qısa izah edək:Bildiyimiz kimi, bədənimizin çalışması üçün hər gün enerjiyə ehtiyacı var. Biz bu enerjini yediyimiz yeməklərdən alırıq.Az yeməyə başlayanda orqanizm anlayır ki, əvvəlki qədər enerji gəlmir. Bu zaman bədən ehtiyatda saxladığı mənbələrdən istifadə etməyə başlayır.Qida əlavələrinin əsas rolu orqanizmdə yarana biləcək çatışmazlıqları dəstəkləmək, bədənin ehtiyatda saxladığı mənbələrin tam tükənməsinin qarşısını almaq və ümumi balansın qorunmasına kömək etməkdir.Hə, əgər bu proses düzgün qidalanma ilə gedərsə, onda artıq yağ azalır, bədən yüngülləşir və özümüzü daha rahat hiss edirik.Yox, əgər çox ac qalırıqsa və ya uzun müddət çox aşağı kalorili qidalanma və balanssız rejimlə davam edəriksə, bədən yağla yanaşı əzələləri də zəiflətməyə başlayır.Bu səbəbdən qida əlavələrini doza və müddət baxımından düzgün müəyyənləşdirmək vacibdir.Ona görə də onların həkim və ya nutrisioloq tövsiyəsi ilə istifadə olunması daha doğrudur.Unutmayaq: qida əlavəsi dərman vasitəsi sayılmasa da, bəzi istəkləri, məsələn, iştahanı nəzarətdə saxlamağa kömək etsə də, yeməyi əvəz etmək üçün əsas deyil.
Qidalanma zəifdirsə, əlavələr də heç bir fayda verməyəcək.
Əgər qidalanma düzgündürsə, əlavələr arıqlama və bərpa prosesində bədənin ehtiyaclarını tamamlayaraq effektiv rol oynaya bilər.
Nəticə olaraq:
Qida əlavələrini əsas qidalanmanın əvəzi kimi deyil, yalnız ehtiyac yarandıqda dəstək vasitəsi kimi görmək lazımdır.
Ən sağlam yanaşma isə balanslı qidalanma, aktiv həyat tərzi və düzgün planlanmış mütəxəssis rəyi ilə reallaşa bilər.
Adından da göründüyü kimi, bunlar yalnız əlavədir — əvəzedici deyil.
Hörmətlə: Elnur Nemətov,
Nutrisoloq, peşəkar idmançı,





