Qazaxlı fotoqraf “Zəfərin 5-ci ili:Böyük Qayıdışın addımları fotomüsabiqəsinin qalibi olub-FOTOLAR
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Fotoqrafları Birliyi (AFB) ilə keçirdiyi “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
Bu barədə Qerbxeber.com-a Komitənin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bu ilin aprel ayında elan edilən, 44 günlük Vətən müharibəsində və sonrakı bir günlük antiterror əməliyyatında rəşadətli ordumuzun qazandığı zəfərin nəticələrinə həsr olunan müsabiqəyə həvəskar və peşəkar fotoqraflar tərəfindən 400-dən çox fotoşəkil təqdim edilib.
Müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini vizual formada nümayiş etdirməkdən ibarət olub.
Müsabiqənin nəticələri paytaxtdakı “Qalereya-1969” sərgi salonunda keçirilən tədbirdə açıqlanıb. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. Onlar əvvəlcə AFB-nin münsiflər heyətinin müsabiqənin yekun mərhələsi üçün seçdiyi 44 fotoşəkildən ibarət sərgiyə baxıblar. Sonra Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində fotoqrafların Qarabağa və Şərqi Zəngəzura infoturundan bəhs edən videoçarx nümayiş olunub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, sərgidəki fotoşəkillər həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayır. Prezident İlham Əliyevin tapşırıqlarının və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini bildirən komitə sədri peşəkar və həvəskar fotoqrafların Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı haqqında pozitiv mesajların yayılmasında fəal iştirakının təqdirəlayiq olduğunu deyib.
Tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov və deputat Ceyhun Məmmədov,Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AFB-nin sədri Amira Süleymanova, AFB-nin üzvü Mirnaib Həsənov, Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur çıxış ediblər.
Münsiflər heyəti müsabiqəyə qatılan 40-dan çox iştirakçının elan olunmuş mövzulara və texniki parametrlərə uyğun gələn 44 fotosunu seçib. Bunların içərisindən 3 nəfər qalibə diplom və pul mükafatları, 20 nəfərə həvəsləndirici mükafatlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib. Müsabiqədə I yerə – İlham Mustafayev, II yerə – Rəsul Rəhimov, III yerə – Alp Ər-Tunqa Cabbarlı layiq görülüblər.
Tədbirin sonunda müsabiqə iştirakçıları ilə birgə xatirə fotoşəkli çəkilib.






