Qazaxıstan yeni Konstitusiya qəbulu üçün Referendum keçirir
Bu gün, 15 mart tarixində Qazaxıstanda ölkənin yeni Konstitusiya -Əsas Qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.
Qerbxeber.com xəbər verir ki, səsvermə müstəqil Qazaxıstan tarixində beşinci referendumdur və dövlətin siyasi və institusional inkişafının mühüm mərhələsi kimi qiymətləndirilir.
Referendumun təşəbbüskarı Qazaxıstan Respublikasının prezidenti Kasım Jomart Tokayevdir. Dövlət başçısının sözlərinə görə, əsas qanunun yenilənməsi dövlət idarəetmə sisteminin daha da modernləşdirilməsi və demokratik institutların möhkəmləndirilməsi üçün zəruri addımdır.
Hazırda Qazaxıstanda 30 avqust 1995-ci ildə qəbul edilmiş Konstitusiya qüvvədədir. Onun qəbulundan sonra sənədə dəfələrlə dəyişiklik və əlavələr edilib. Son dəyişikliklər 2022-ci ilin sentyabrında qüvvəyə minib. Lakin təklif olunan islahatların miqyası yeni Konstitusiya sənədinin hazırlanmasını zəruri edib. Belə ki, dəyişikliklər mövcud əsas qanunun mətninin təxminən 84 faizini əhatə edir.
Yeni Konstitusiya layihəsi 2026-cı ilin fevral ayının əvvəlində ictimaiyyətə təqdim olunub. Sənəd dərc edildikdən sonra ölkə vətəndaşlarına onunla tanış olmaq və təklif olunan dəyişiklikləri müzakirə etmək üçün bir aydan artıq vaxt verilib.
Qazaxıstan Prezidenti bildirib ki, yeni Konstitusiyanın qəbul edilməsi zamanın tələbidir. Onun sözlərinə görə, ölkə dövlətin gələcəyini müəyyən edən mühüm qərarların qəbul olunmalı olduğu yetkinlik və məsuliyyət mərhələsinə çatıb.
Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Azimovanın sözlərinə görə isə yeni Konstitusiya ölkənin dövlətçilik yetkinliyinin və beynəlxalq öhdəliklərinin təsdiqi olacaq.




