Qazax rayon Kəmərli kənd sakinləri susuzluqdan əziyyət çəkirlər.
“Qərb Xəbər”in məlumatına görə, illərdir müxtəlif küçələrdə içməli su bulaq kompleksləri qurulsa da, bu bulaqlardan su gəlmir.
Kənd sakinləri məsələ ilə bağlı kimə müraciət edəcəklərini bilmirlər, aidiyyəti qurumlar problemi görür, həlli istiqamətində isə bir addım atmırlar.
Sakinlər ümid edirlər ki, məsələ yaxın vaxtlarda öz həllini tapacaq.
Qeyd edək ki, 1984-cü ildə Kəmərli meşələri Ermənistana güzəştə gedilən ərəfədə o dönəmin Azərbaycan rəhbərliyi tez-tez kəndə səfər edir, sakinlərlə söhbət zamanı Kəmərliyə içməli su bulaqlarının çəkiləcəyi ilə bağlı vədlər verilirdi; çünki həmin dövr kənd sakinləri içməli su təlabatını o meşələrdəki bulaqlardan su gətirərək ödəyirdi.
Görünən odur ki, o zamanlar verilən vədlər yerinə yetirilmədi, müstəqillik dönəmində qazılan artezian quyuları isə əhalinin yaşayış yerindən uzaqda yerləşir. Düzdür, indi sakinlər o zamankı kimi suyu uzunqulaqlarla gətirmirlər, amma hələ də suya olan təlabatlarını ödəməkdə çətinlik çəkirlər.