Qazaxda Mirvarid Dilbazinin 110 illiyi münasibətilə tədbir keçirilib
“Qərb Xəbər” məlumat verir ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar Qazax rayonunda yubiley tədbiri keçirilib.
Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı Mirvarid Dilbazinin həyat və yaradıcılığından danışıb.
Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov çıxış edərək bildirib ki, Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun çoxsaylı əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.
Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Əməkdar incəsənət xadimi Barat Vüsal, şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı publisist Məti Osmanoğlu, tanınmış şair Səadət Buta, şair, neftçi Zaməddin Ziyadoğlu, Vüsal Sehranoğlu çıxış edərək Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqeyindən geniş söhbət açıblar, şeirlərindən səsləndiriblər.
Xanlıqlar kənd tam orta məktəbinin şagirdləri, Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin şagirdləri ifalarında Mirvarid Dilbaziyə həsr olunmuş şeirləri təqdim olunub.




